BAKI, 6 may. TELEQRAF

Bu gün iki qardaş ölkənin ortaq akademik platforması olan Türkiyə-Azərbaycan Universitetinə (TAU) infotur təşkil edilib.

Teleqraf xəbər verir ki, infotur çərçivəsində əvvəlcə TAU-nun Tədris şöbəsinin müdiri Günel Teymurova universitet haqqında təqdimatla çıxış edib. O bildirib ki, TAU-da təhsil dövlət hesabınadır. Azərbaycan tərəfi universiteti torpaq, bina, laboratoriya və avadanlıqla təmin edir, Türkiyə tərəfi isə tədrisin keyfiyyəti, proqramların təşkili və 8 semestrlik tədris planının icrası ilə məşğul olur.

Günel Teymurova qeyd edib ki, hazırda TAU-da ümumilikdə 174 tələbə təhsil alır. Cari tədris ili üzrə qəbul olunanların sayı 92, ötən il qəbul olunanların sayı isə 82 nəfərdir. O əlavə edib ki, ən yüksək ortalama bala malik tələbələrdən 5-i artıq işlə təmin olunub.

İnfotur iştirakçılarının diqqətinə çatdırılıb ki, məzunlara həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim edilir.

TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uyqun infotur iştirakçılarının suallarına cavab olaraq bildirib ki, “çətir universiteti” modeli əsasında fəaliyyət göstərən TAU Türkiyənin üç aparıcı universitetinin proqramlarını özündə birləşdirir.

TAU-nun İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan media nümayəndələrinə açıqlamasında bildirib ki, universitetdə tədris ingilis dilində aparılır.

Qeyd edək ki, cari tədris ili üzrə TAU-nun kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674.3, sənaye mühəndisliyində 654.4, qida mühəndisliyində isə 553.6 olub.