BAKI, 6 may. TELEQRAF

"Azərbaycanda aparılan toponim siyasətinin əsasında milli dəyərlərimizin qorunması və tarixi ədalətin bərpası dayanır. Bu istiqamətdə atılan addımlar, həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Bu baxımdan Quba rayonunda bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi ilə bağlı təqdim olunan qanun layihəsi olduqca mühüm və çox vacib addım kimi qiymətləndirilməlidir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasının iclasında deputat Vasif Qafarov deyib.

O qeyd edib ki, Quba rayonunda yerləşən Vladimirovka, Alekseyevka və Timiryazev kimi kənd adları keçmiş dövrlərin, xüsusilə sovet hakimiyyəti dövrünün təsiri altında formalaşıb: "Bu adlar milli kimliyimizi və milli dəyərlərimizi əks etdirməyən adlardır. Bu adlar bu gün həmin kəndlərdə yaşayan əhalinin milli kimliyinə və milli dəyərlərinə nəinki uyğun olmayan, hətta yad olan adlardır. Həmin kəndlərdə yaşayan yerli sakinlər haqlı olaraq bu adların yenilənməsi təşəbbüsü ilə çıxış etmişlər. Bu təşəbbüsü təqdirəlayiq hesab edirəm.

Quba rayonunun Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çınarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklifi yerli əhalinin iradəsini ifadə edir. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycan dilinin, milli-mədəni irsimizin və tarixi yaddaşımızın qorunmasına xidmət edən mühüm qərar kimi dəyərləndirilməlidir.

Bu qanun layihəsini təqdir edirəm və dəstəkləyirəm. Eyni zamanda, iki təklif də vermək istəyirəm.
Birincisi, hesab edirəm ki, milli dəyərlərimizin qorunmasına və tarixi ədalətin bərpasına xidmət edən bu yanaşma, bu toponimiya siyasəti ölkəmizin digər ərazilərində də ardıcıl şəkildə davam etdirilməlidir, çünki bu gün bir çox şəhər və qəsəbələrimizdə, o cümlədən Bakıda və Bakı qəsəbələrində hələ də sovet dövründən qalan və dəyərlərimizə yad ideoloji məzmun daşıyan, milli kimliyimizlə uyğunlaşmayan küçə adları mövcuddur".

Deputat bildirib ki, bu baxımdan xüsusilə bolşevik adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmasını və həmin adların Azərbaycan tarixini, görkəmli şəxsiyyətlərini və milli dəyərlərini əks etdirən adlarla əvəz olunmasını məqsədəuyğun hesab edirəm:

“Hesab edirəm ki, bu yanaşma həm tarixi yaddaşımızın bərpasına, həm də gələcək nəsillərin milli ruhda formalaşmasına töhfə verəcək.

İkincisi, Azərbaycanın bir çox rayonlarında, o cümlədən təmsil etdiyim Lerik rayonunda bir çox kəndlərin adları keçən əsrdə rus dilində tərtib olunan dövlət reyestrlərində yanlış qeyd olunub. Kəndlərin adları qeyd olunarkən bir və ya bir neçə hərf səhvi edilib, nəticədə həmin adlar heç bir toponomik məna daşımayan bir hala gəlib. Müstəqillik dövründə də həmin reyestrlər əsas istinad mənbəyi kimi götürüldüyündən bu yanlışlıqlar təkrar olunub. Yaxşı olardı ki, bu məsələ də diqqətdə saxlanılsın, yerli qurumlar və bələdiyyələr bu yanlışlıqların aradan qaldırılması təşəbbüsü ilə çıxış etsinlər və bu məsələ də öz həllini tapsın.

Ümumilikdə, hesab edirəm ki, son iki yüz ildə yad təsirlərə məruz qalmış toponimlərimizin milliləşdirilməsi prosesi sistemli və davamlı xarakter daşımalı, bu istiqamətdə həm regionlarda, həm də paytaxtda ardıcıl və məqsədyönlü addımlar atılmalıdır.