BAKI, 21 aprel. TELEQRAF
“Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi vəziyyət getdikcə daha mürəkkəb və ziddiyyətli xarakter alır. Formal olaraq müxalif qüvvələr hakimiyyət başında olan baş nazir Nikol Paşinyan ünvanına yönəlmiş tənqidlərdə ortaq mövqe nümayiş etdirirlər. Lakin bu zahiri birlik arxasında aydın parçalanma müşahidə olunur. Müxalif düşərgə daxilində vahid strategiya mövcud deyil, Samvel Karapetyan ilə Robert Koçaryan kimi əsas fiqurlar arasında rəqabət isə bu parçalanmanı daha da dərinləşdirir”.
Bu fikirləri Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, əslində, söhbət siyasi konsolidasiyanın böhranından gedir. Müxalifət etiraz ritorikasını ölkənin inkişafına dair aydın və sistemli alternativ proqrama çevirə bilməyib. Bu isə o deməkdir ki, seçiciyə müxtəlif strategiyalar arasında seçim deyil, daha çox bir-biri ilə rəqabət aparan, lakin ümumi məqsəddən məhrum tənqidi yanaşmalar təqdim olunur. Siyasi sistemin böyük ölçüdə fərdiləşdiyi şəraitdə vahid liderin və qərarvermə mərkəzinin olmaması müxalifətin seçki şanslarını obyektiv şəkildə azaldır. Vəziyyəti ağırlaşdıran digər amil ideoloji qeyri-müəyyənlikdir. Ermənistan cəmiyyəti dəyişmiş regional reallıqlar fonunda yeni inkişaf modelinin axtarışındadır. Lakin müxalif qüvvələrin əhəmiyyətli hissəsi hələ də keçmişə yönəlmiş ritorikaya söykənir ki, bu da onların praktik və real həllər təklif etmək imkanlarını məhdudlaşdırır. Nəticədə cəmiyyətin sabitlik və proqnozlaşdırıla bilənlik tələbi ilə müxalifətin təqdim etdiyi siyasi məzmun arasında uyğunsuzluq yaranır.

Eyni zamanda, Ermənistanın daxili siyasi dinamikası birbaşa xarici amillərlə, ilk növbədə Azərbaycan ilə münasibətlərlə bağlıdır. Regionda formalaşmış yeni reallıqlar fonunda sülh gündəliyi, sərhədlərin hüquqi əsasda müəyyənləşdirilməsi və nəqliyyat əlaqələrinin açılması uzunmüddətli sabitliyin əsas elementlərinə çevrilib. Bakının yanaşması, Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə irəli sürülən mövqe, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması və ərazi iddialarından imtina prinsiplərinə əsaslanır".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan üçün prinsipial məqam ondan ibarətdir ki, Ermənistandakı siyasi proseslər artıq formalaşmış reallıqların yenidən nəzərdən keçirilməsinə gətirib çıxarmasın: "Bu baxımdan qarşıdan gələn seçkilər yalnız daxili siyasi mərhələ deyil, həm də regional inkişafın gələcək trayektoriyasına təsir edə biləcək amil kimi qiymətləndirilir. Revanşist ritorikaya meylli qüvvələrin güclənməsi normallaşma prosesini ləngidə bilər, praqmatik yanaşma isə davamlı sülh və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu kontekstdə kommunikasiya xətlərinin açılması məsələsi xüsusi əhəmiyyət daşıyır. Zəngəzur istiqaməti də daxil olmaqla nəqliyyat marşrutlarının inkişafı Cənubi Qafqazı qlobal logistika zəncirlərinə inteqrasiya edə biləcək daha geniş regional arxitekturanın tərkib hissəsi kimi qiymətləndirilir. Lakin bu layihələrin reallaşması birbaşa İrəvanın siyasi iradəsindən asılıdır və bu iradə daxili siyasi rəqabətin təsiri altında formalaşır".
“Bütün bunların fonunda Ermənistan müxalifətində vahid mövqenin olmaması artıq təkcə daxili deyil, həm də regional ölçü qazanır. Təhlükəsizlikdən tutmuş xarici siyasətə qədər əsas məsələlər üzrə aydın kursun olmaması qeyri-müəyyənliyi artırır və ölkənin siyasi inkişafının proqnozlaşdırılmasını çətinləşdirir. Beləliklə, Ermənistanda qarşıdan gələn seçkilər sadəcə hakimiyyət uğrunda mübarizə deyil, strateji istiqamət seçimi kimi çıxış edir. Ölkənin siyasi sisteminin daxili parçalanmanı aradan qaldıraraq konsolidasiya olunmuş gündəlik formalaşdıra bilməsi təkcə daxili sabitliyi deyil, həm də Cənubi Qafqazda davamlı sülhün perspektivlərini müəyyən edəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.