BAKI, 21 aprel. TELEQRAF

Azərbaycan və Latviya konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.

Teleqraf Latviya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sənəd ölkə Prezidenti Edqars Rinkeviçsin 21–23 aprel tarixlərində Azərbaycana edəcəyi rəsmi səfəri çərçivəsində imzalanacaq.

Səfər çərçivəsində dövlət başçısını Latviyanın xarici işlər naziri Baiba Braje müşayiət edəcək.

Proqram çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət ediləcək, ehtiram əlaməti olaraq əklilqoyma mərasimləri keçiriləcək.

B.Braje rəsmi qarşılanma mərasimində, dövlət başçısı İlham Əliyev və Milli Məclisin sədri Sahibə Qafarova ilə keçiriləcək görüşlərdə iştirak edəcək. Həmçinin nazirin Latviya–Azərbaycan Biznes Forumunun açılışında və yerli diaspor nümayəndələri ilə görüşdə iştirakı planlaşdırılır.

Səfər müddətində müxtəlif sahələrdə tərəfdaşlığı təsdiqləyən bir sıra sənədlər imzalanacaq. Xüsusilə, iki ölkənin Xarici İşlər nazirlikləri arasında konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiqlənəcək. Bu sənəd məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinə xidmət edəcək.

Bundan başqa, latviyalı diplomatın azərbaycanlı həmkarı Ceyhun Bayramovla təkbətək danışıqları nəzərdə tutulub. Tərəflər ikitərəfli əlaqələri, habelə regional və beynəlxalq gündəliyi, o cümlədən Bakı ilə İrəvan arasındakı sülh prosesini, Ukraynadakı vəziyyəti və Yaxın Şərqdəki hadisələri müzakirə edəcəklər.