BAKI, 4 mart. TELEQRAF
"Məişət zorakılığı ilə bağlı qeydə alınmış 1 396 cinayət işi üzrə 1 413 zərərçəkmiş şəxs müəyyən edilib. Zorakılıq zəminində törədilən cinayətlərdən 1 302-si qəsdən sağlamlığa yüngül zərər vurma, 64-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 53-ü qəsdən adam öldürmə, 30-u qəsdən sağlamlığa ağır zərər vurma, 20-si adam öldürməyə cəhd, 6-sı əzab vermə, hərəsi bir fakt olmaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və qanunsuz azadlıqdan məhrumetmə, 19-u isə digər növlərdən ibarət olub".
Teleqraf xəbər verir ki, bunu “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə daxili işlər nazirinin müavini İsmət Əliyev bildirib.
Nazir müavini bildirib ki, hazırda Azərbaycanda hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir: "Müqayisə üçün qeyd edək ki, bu göstərici İsveçdə 200, Finlandiyada 150, Fransada 110, Niderlandda 100, Almaniyada 90, İspaniyada isə 60 fakt səviyyəsindədir.
2025-ci ildə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində 90 erkən evlilik faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barəsində inzibati tənbeh tədbiri görülüb, 57 şəxslə profilaktik iş aparılıb”.
O bildlirib ki, il ərzində 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin “adam oğurluğu” maddəsi ilə cinayət işi başlanıb, 32 şəxs barəsində müvafiq məsuliyyət tədbirləri görülüb:
“Bərabərlik hüququnun pozulması ilə bağlı cinayət qeydə alınmayıb. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərlə bağlı 2, psixi zorakılıqla bağlı isə 4 inzibati xəta müəyyən edilib”.
“Qadınların təqsirləndirilən və ya zərərçəkmiş qismində tanındığı bütün cinayət işlərinin təhlili aparılaraq onları cinayətə təhrik edən amillər öyrənilir, aidiyyəti qurumlara təqdimatlar verilir. Ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə operativ tədbirlər nəticəsində 8 808 hüquqa zidd əməlin qarşısı alınmışdır”, – nazir müavini vurğulayıb.