BAKI, 4 mart. TELEQRAF
"Federasiyaların adından bir problemi nəzərə çatdırmaq istərdim. Bizim idmançılar 17 yaşından, məktəbi bitirdikdən sonra universitetə qəbul olanlar təhsillərini davam etdirirlər. Ali təhsil müəssisəsinə qəbul olmayanlar isə hərbi xidmətə gedirlər. Dünya və Avropa çempionatlarında iştirak etmək də vətənə xidmətdir. Bunu nəzərə alsaq, bu halda həmin yaşlarda idmançıları itirmiş oluruq".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov deyib.
O qeyd edib ki, dünya və Avropa çempionatlarında hər çəki dərəcəsində bir idmançı iştirak edir: "Həmin idmançı nəticə qazandığı halda Azərbaycan İdman Akademiyasına qəbul olunur. Digərləri isə kənarda qalır. 1 il 6 ay hərbi xidmət çəkdikdə həmin idmançını itirmiş oluruq. Belə olan halda peşəkar idmanda rəqabətlik itir, ardı gəlmir, müəyyən vaxtdan nəticə verən federasiyalar məcbur olurlar ki, müəyyən çəki dərəcəsində legioner idmançıları dəvət etsinlər. Bu qanunla tənzimlənsəydi, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılsaydı, hər hansı meyarlar həyata keçirmək olsaydı, yaxşı olardı".