BAKI, 3 mart. TELEQRAF

"Əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması dövlətimizin sosial ədalət prinsipinin əsas göstəricilərindəndir. Bu məsələ yalnız sosial təminat deyil, insan ləyaqəti, bərabər imkanlar və inklüziv cəmiyyət anlayışı ilə birbaşa bağlıdır".

Teleqraf xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyevanın 2025-cü il üzrə məruzəsi ilə bağlı çıxış edərkən deputat Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, son illər bu sahədə çox ciddi və sistemli islahatlar həyata keçirilib. Elektronlaşdırma, mərkəzləşdirilmiş qiymətləndirmə mexanizmləri və obyektiv meyarların tətbiqi nəticəsində uzun illər mövcud olmuş sui-istifadə və korrupsiya halları əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Haqsız yerə əlillik təyin olunması praktikası minimuma endirilib, qərarların obyektivliyi və şəffaflığı gücləndirilib. Bu, həm dövlət büdcəsinin qorunması, həm də sosial ədalətin təmin olunması baxımından mühüm nailiyyətdir.

Lakin praktik müstəvidə hələ də institusional yanaşmanın təkmilləşdirilməsinə ehtiyac qalmaqdadır. Vətəndaşların ən çox narazı qaldığı məqamlardan biri qərarın izah edilmə mexanizmidir. Həkim tibbi vəziyyətə uyğun elektron formanı doldurur, sənədlər sosial ekspertizaya göndərilir. Əgər əlillik təyin olunmursa, vətəndaşa bəzən “forma natamam doldurulub” kimi ümumi ifadə təqdim edilir.

Bu isə məsuliyyətin yanlış istiqamətə yönəlməsinə səbəb olur və vətəndaş–həkim münasibətində süni gərginlik yaradır. Halbuki əlilliyin təyinat meyarları kifayət qədər inkişaf etmiş və funksional məhdudiyyətin obyektiv qiymətləndirilməsinə əsaslanır”.

Deputat bildirib ki, problemin kökü meyarların zəifliyi deyil, qərarın əsaslandırılması və institusional kommunikasiya mexanizmidir: " Hesab edirəm ki, növbəti mərhələdə qərarların əsaslandırılması daha detallı və standartlaşdırılmış formada təqdim olunmalı, tibbi sənəd çatışmazlığı ilə normativ meyar çatışmazlığı aydın şəkildə fərqləndirilməli, elektron sistem üzərindən vətəndaşa izahlı rəy verilməlidir.

Biz bir tərəfdən haqsız təyinatların qarşısını almışıq. İndi isə vəzifəmiz haqlı müraciət edən vətəndaşın qərarı aydın və əsaslandırılmış şəkildə anlamasını təmin etməkdir. İslahatların növbəti mərhələsi məhz institusional koordinasiya və şəffaflıq mərhələsi olmalıdır.

Hesab edirəm ki, İnsan hüquqları üzrə müvəkkilin təqdim etdiyi hesabatda bu məsələlərə toxunulması və həssas qrupların hüquqlarının müdafiəsi istiqamətində aparılan monitorinqlər müsbət qiymətləndirilməlidir. Ombudsman institutunun fəaliyyəti və qaldırdığı məsələlər sosial ədalətin möhkəmləndirilməsinə xidmət edir.

Bu istiqamətdə hesabatı ümumilikdə müsbət qiymətləndirir, lakin qeyd etdiyim institusional təkmilləşdirmələrin də gələcək fəaliyyət planlarında nəzərə alınmasını vacib hesab edirəm".