BAKI, 3 mart. TELEQRAF
2025-ci ildə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə ümumilikdə 355 başçəkmə həyata keçirilib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən deyib.
Onun sözlərinə görə, həmin başçəkmələrdən 93-ü plandankənar (qəfil) baş tutub və proses zamanı ümumilikdə 3 462 nəfər qəbul edilib:
"Qeyd etmək istərdim ki, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilmiş başçəkmələr zamanı rəftar, saxlanma şəraiti, sənədləşmə, tibbi xidmətin vəziyyəti, qidanın rasionu və keyfiyyəti, hüquqların təmini vəziyyəti və digər məsələlər diqqətdə saxlanılıb, konfidensial görüşlər keçirilib".
S.Əliyeva vurğulayıb ki, monitorinqlər zamanı təkcə cari vəziyyət deyil, həm də əvvəlki başçəkmələr zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində Ombudsmanın verdiyi tövsiyələrin icra vəziyyəti də dərindən yoxlanılıb.
Ombudsman əlavə edib ki, bu müəssisələrdə insan hüquqlarının qorunması, saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və müraciətlərin operativ araşdırılması qurumun preventiv fəaliyyətinin əsas prioritetlərindən biri olaraq qalır.