BAKI, 3 mart. TELEQRAF

Qiyabi təhsil alanlara hərbi xidmət üçün möhlət hüququnun verilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bərabərlik hüququnun təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21-ci maddəsində qiyabi təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif olunur.

S.Əliyeva qeyd edib ki, ölkə üzrə mövcud kitabxana fondlarının vahid rəqəmsal sistemə inteqrasiyasının təmin edilməsi və mərkəzləşdirilmiş milli kitabxana platformasının yaradılması hər bir şəxsin informasiyaya onlayn və bərabər çıxış imkanı baxımından əhəmiyyətli ola bilər.

O həmçinin bildirib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Elektron ticarət haqqında” qanunlar müsbət beynəlxalq təcrübə əsasında müasir tələblərə uyğunlaşdırılmalı, bu sahədə maarifləndirmə tədbirlərinə diqqət artırılmalıdır.

Ombudsman əlavə edib ki, müasir informasiya texnologiyalarının istehlakçı hüquqlarına təsirinin davamlı monitorinqinin aparılması və yeni informasiya texnologiyaları əsrində vətəndaşların rəqəmsal savadlılığının artırılması əsas hədəflərdən biri olmalıdır.