BAKI, 3 mart. TELEQRAF
Onkoloji xəstələrin dərman təminatı və psixi sağlamlıq sahəsində nəzarət gücləndirilir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən deyib.
Onun sözlərinə görə, onkoloji xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatlarının spektrinin genişləndirilməsi və 2006-cı ildə təsdiq edilmiş “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”na müasir tələblərə uyğun olaraq yenidən baxılması məqsədəmüvafiqdir.
S.Əliyeva qeyd edib ki, psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslər tərəfindən internet üzərindən müvafiq seans və məsləhət xidmətlərinin göstərilməsinin qarşısının alınması üzrə mexanizmlərin işlənib hazırlanması, habelə Psixi Sağlamlıq sahəsində Milli Strategiyanın qəbul edilməsinin sürətləndirilməsi zəruridir.
O həmçinin bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş uşaq bağçalarının və körpələr evlərinin nümunəvi ştatlarına “uşaq psixoloqu” vəzifəsinin əlavə edilməsi məsələsi aktuallığını qoruyur.
Ombudsman əlavə edib ki, uşaqların istifadə etdikləri sosial şəbəkə, platforma və televiziya proqramları üzrə zorakılığı təbliğ edən halların qarşısının alınması məqsədilə davamlı monitorinqlər aparılmalı və bu yaşda olan şəxslərin psixikasına mənfi təsir edə biləcək hallara qarşı məhdudlaşdırıcı tədbirlər görülməlidir.