BAKI, 13 fevral. TELEQRAF
"Qürur hissi ilə vurğulamaq istərdim ki, xalqımız Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbənin yaratdığı milli birlik və qürur hissi ilə suveren dövlət quruculuğu yolunda inamla irəliləməkdədir. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkəmizin hərtərəfli inkişafına, sosial-iqtisadi tərəqqisinə yönəlmiş genişmiqyaslı islahatların həyata keçirilməsi üçün möhkəm zəmin yaradıb. Bu strateji xəttə uyğun olaraq 2025-ci ildə də ölkəmizdə bütün sahələri əhatə edən islahatlar uğurla davam etdirilib".
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsinə münasibət bildirən parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa olunmasından sonra ilk dəfə olaraq 2025-ci ilin yanvar ayında növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm mərhələ olub: "Seçkilərin şəffaf, azad və qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə geniş hüquqi-maarifləndirmə tədbirləri həyata keçirilib, nazirliyin rəsmi internet resursları və “Bələdiyyələrlə iş” informasiya sisteminin imkanlarından səmərəli istifadə edilib. Xüsusilə qeyd olunmalıdır ki, 2025-ci ildən etibarən bələdiyyə aktlarının inzibati nəzarət qaydasında baxılması tam elektron mühitə keçirilmiş və ölkə üzrə bütün bələdiyyələrin aktları “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə təqdim olunmağa başlanıb. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da bu sistemə inteqrasiyası təmin edilib. Bu yenilik bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının və bununla bağlı inzibati xətaların əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Vurğulanmalıdır ki, 2025-ci ildə Milli Məclisinin Regional məsələlər komitəsinin iclaslarında yerli özünüidarəetmə və torpaq münasibətləri sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə yönəlmiş mühüm qanunvericilik təşəbbüsləri müzakirə olunub, Torpaq, Mülki, Mənzil, Şəhərsalma və Tikinti məcəllələrində, eləcə də bələdiyyə torpaqlarının idarə olunması və daşınmaz əmlakın dövlət reyestri ilə bağlı qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihələri baxılaraq qəbul edilmiş müvafiq qanunla təsdiqlənib.
Qeyd olunan qanun dəyişikliklərinin praktiki icrasının təmin edilməsi məqsədilə imzalanmış Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2025-ci il tarixli 465 nömrəli Fərmanı və bunun icrası ilə bağlı Nazirlər Kabinetinin 19 avqust 2025-ci il tarixli Sərəncamı normativ-hüquqi aktların uzlaşdırılmasına, yerli özünüidarəetmə və torpaq münasibətləri sahəsində hüquqi mexanizmlərin dəqiqləşdirilməsinə, eləcə də tətbiq prosesində səmərəliliyin və hüquqi müəyyənliyin artırılmasına mühüm zəmin yaradıb”.
Komitə sədri bildirib ki, yerli özünüidarəetmənin davamlı inkişafı məqsədilə Prezident Administrasiyası, aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilib, bələdiyyə assosiasiyalarının institusional potensialının artırılması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində addımlar atılıb: " 2025-ci ildə həyata keçirilən tədbirlər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, nüfuzunun və maliyyə dayanıqlığının artırılmasına xidmət edib. Müasir tələblərə uyğun və daha effektiv yerli idarəetmənin təmin olunması üçün birgə səylərin davam etdirilməsi vacibdir.
Sonda qeyd olunanların davamı olaraq, yerli özünüidarəetmənin daha səmərəli və funksional institut kimi formalaşdırılması üçün sistemli islahatların həyata keçirilməsi zəruridir. İlk növbədə, bələdiyyələrin fəaliyyətini kompleks tənzimləyən yeni qanunvericilik bazasının hazırlanması və seçki mexanizmlərinin daha çevik, rəqabətli əsaslarla təşkili məqsədəuyğundur.
İnstitusional sabitliyin təmin edilməsi üçün dövlət qulluqçularının statusuna uyğun sabit bələdiyyə qulluqçuları korpusunun, o cümlədən icra katibliyi və aparat əməkdaşlarının formalaşdırılması vacibdir. Eyni zamanda, iri şəhərlərdə vahid “Böyük şəhər bələdiyyəsi” modelinin yaradılması imkanları nəzərdən keçirilməlidir.
Bələdiyyələrin onlayn iclas keçirmək səlahiyyətinin qanunvericiliklə təsbit olunması, ərazi sərhədlərini əks etdirən xəritələrin rəsmi qaydada təqdim edilməsi idarəetmənin effektivliyini artıracaqdır.
Maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə məişət tullantılarının idarə olunması səlahiyyətlərinin müvafiq resurslarla birlikdə bələdiyyələrə verilməsi, tullantı poliqonlarının iri şəhər bələdiyyələrinin idarəetməsinə ötürülməsi, vergi və icarə haqlarının iqtisadi əsaslarla müəyyənləşdirilməsi, habelə vergi intizamının təmin edilməsi üçün sanksiya mexanizmlərinin tətbiqi nəzərdən keçirilə bilər.
Bununla yanaşı, qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi və “Bələdiyyələrin operativ təminat fondu”nun yaradılması yerli problemlərin çevik həllinə xidmət edəcəkdir.
Bu tədbirlərin mərhələli icrası yerli özünüidarəetmənin institusional dayanıqlığını artıracaq və idarəetmənin səmərəliliyini təmin edəcəkdir”.