BAKI, 13 fevral. TELEQRAF
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Teleqraf xəbər verir ki, məruzədə qeyd edilir ki, Bələdiyyələr tərəfindən qanunsuz torpaq sahələrinin mülkiyyətə verilməsi halları müəyyən edilib.
Qeyd edilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilmişdir.
Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilmişdir.
2025-ci il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilmiş, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunmuş və ya dəyişdirilmişdir.
Hesabatda həmçinin bildirilib ki, 2025-ci ildə 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Aparılmış müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşıb.