BAKI, 10 fevral. TELEQRAF

Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan iş bağlandıqda bunun üçün ödənilən məbləğ avtomobilin sahibinə qaytarılacaq.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq.

Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli Qərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri təsdiq edilib.