BAKI, 10 fevral. TELEQRAF
"Kibercinayətkarlıq silah, terror və insan alveri kimi transmilli təhlükədir. Dövlət təhlükəsizlik orqanlarımızın beynəlxalq əməkdaşlığı gücləndirən və kiberməkanımızın suverenliyini qoruyan təşəbbüsünü alqışlayırıq. Dövlət saytlarına-xüsusilə müdafiə, xarici siyasət, bir sözlə rəsmi portallara edilən hücumlar, onların üzərindən verilən siyasi mesajlar, məlumat oğurluğu, o cümlədən, bank sisteminə fişinq hücumları milli təhlükəsilziyimizin təkcə hərbi meydanlarda deyil, elektron və kiber aləmdə vacib qabaqlayıcı tədbirləri zəruri edir. Xüsusi vurğulayaq ki, Dövlət təhlükəsizlik orqanları istər Vətən müharibəsində, istərsə sülh dövrünün başladğı və ona qarşı qəsdlərin artdığı zamanda dövlətimizin qoruyucu zirehlərdən biri kimi çıxış etməsi təqdirəlayiq hadisədir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, konvensiyanın təsdiqi əsla şəxsi toxunulmazlıq azadlığına qarşı deyil, məhkəmə qərarları olmadan elektron sübutlara əlçatanlıq məhz dövlət təhülkəsilziyi mənaefləri baxımından önəmlidir: "İkinci toxunmaq istədiyimiz məsələ, Bakı Hərbi Məhkəməsində müharibə cinayətlərində təqsirləndirilən 15 nəfər barəsində hökmün elan edilməsi xalqımıza qarşı törədilən ədalətsizliklərə verilən qəti və tarixi cavab, Azərbaycan Ordusunun döyüş meydanlarında qazandığı Qələbənin məhkəmə salonlarında da hüquqi təsdiqidir.
Bütün hakimiyyət institutları, mediamız və 100 minlərlə vətəndaşın qanuni təmsilçiləri heç bir nifrət nitqinə yol vermədilər, təhlükəsizlik qüvvələrimiz döyüş meydanlarındakı xüsusi təyinatlılar kimi peşəkar davrandılar, heç bir qeyri-insani rəftara yol vermədən dövlət iradəsinin nümayiş etdirdlər.
Bəli, qurulan sülh məhkəməsi düşmənçiliyə deyil, müharibə dövrünün qapanmasına xidmət edir, qisas yox, gələcək nəsillərin təhlükəsizliyi üçündür.
Məhkəmədən bir gün öncə Əbu-Dabidə iki dövlət rəhbərinin ərəb dünyasının Nobeli sayılan Sülh mükfatına layiq görülməsi, Prezident İlham Əliyevin çoxəsrlik silahlı münaqişədən sonra regiona və dünyaya barış gətirməsi işğalçılara, onların ideoloqlarına və himayədarlarına verilən ən böyük cəzadır. 5 fevral tarixli hökmü bütün şəhidlərimizin, bir milyona yaxın məcburi köçkünün və bütöv bir millətin bərpa olunan hüquqi iradəsidir.
Bəli, separatçıları öz paytaxtlarında diplomatik protokolla qəbul edənlər Qarabağ işğalçıları üzərində heç vaxt Ruanda, Haaqa tribunalı qurmayacaqdılar.
Ermənistanla sülh müqaviləsinin imzalanması yaxınlaşdıqca gizli qəsdçiləri açıq görürük. Fransa Milli Assambleyasının qətnaməsini təqdim edən Loran Vokye deyir ki, Azərbaycan guya Ermənistanı yox etmək, erməniləri silmək istəyir. İndi bütün dünya görür: Fransa parlamentariləri sülhə necə zərbə vurur və erməni xalqını hansı təhlükəyə atmaq istəyir. Assambelyanın qərarı müharibəyə çağırışdır, ABŞ-nin sülh missiyasına zərbədir və düşmənçilik üçün 1987-ci ilin Humanite jurnalındakı çağırışın təkrarıdır.
2020-ci ildə Vətən müharibəsindən cəmi 10 gün sonra Fransa Parlamenti Qarabağın müstəqilliyini tanımışdı. Absurda baxın: İrəvan kənarda qalıb, onun adından Yelisey çıxış edir. Bu, artıq diplomatiya və qardaşlıq yox, siyasi riyakarlıqdır”.
Deputat bildirib ki, 5 fevral məhkəmə qərarından sonra İrəvan meydanlarında 90-cı illərdən fərqli olaraq, kimsə separatizmin müdafiəsi üçün kütləvi aksiyalara əl atmır: "Deməli, Bakıda verilən qərarın sülhə xidmət etdiyini erməni xalqı da yaxşı başa düşür. Prezident İlham Əliyev nəinki Qafqaza, bütövlükdə dünyaya barış və təhlükəsizlik gətirir. Proqnozlaşdırmaq çətin deyil ki, sülhə qarşı birləşən qüvvələr qarşıdakı aylarda təxribatlarını daha da gücləndirəcəklər. Ona görə xalqımızdan birlik və möhkəm iradə tələb olunur.
Ermənistanla başlayan ticarət və siyasi əlaqələrin müdafiəsi sui-qəsdçilərə zərbə vuracaq, qlobal müharibə partiyasını məğlub edəcək.
Gəlin, düşmənçilikdən qazanan keçmiş imperiyaların niyyətlərinə fürsət verməyək. Gəlin, sülh zəfəri liderinin, əsl Nobeli haqq edən İlham Əliyevin nəinki Qafqaz, bütün dünya üçün xilaskarlıq kursunu qətiyyətlə müdafiə edək. İndi sülh uğrunda mübarizə elə 44 günlük savaşdakı qədər birlik və məsuliyyət tələb edir".