BAKI, 10 fevral. TELEQRAF
"Prezident İlham Əliyevin siyasi iradəsi və strateji vizyonu nəticəsində Cənubi Qafqazda sülh gündəliyi əsas prioritetə çevrilib. Azərbaycan və Ermənistan siyasi liderlərinin son 6 ay ərzində davamlı təmasları dövlətlərarası normallaşma prosesinin ardıcıl və prinsipial xarakter aldığını göstərir. Bu fəaliyyətlərin yalnız diplomatik təmaslarla məhdudlaşmaması və real iqtisadi əlaqələr üzərində qurulması bu prosesin geri dönülməz olduğunu təsdiqləyir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rizvan Nəbiyev deyib.
O qeyd edib ki, bu kontekstdə ABŞ-nin vitse-prezidenti Cey Di Vensin ikitərəfli və çoxtərəfli əməkdaşlıq layihələrinin yer aldığı geniş gündəliklə Bakıya gözlənilən səfəri yeni reallıqları təsdiqləyir:
“Xüsusi ilə nəzərə alsaq ki, sonuncu dəfə Birləşmiş Ştatlar vitse-prezident səviyyəsində ölkəmizə 18 il əvvəl səfər təşkil etmişdir.
Bu səfəri Prezident Əliyev və Prezidenti Tramp arasında ötən ilin avqustunda Vaşinqtonda, cari ilin yanvarında isə Davosda aparılan siyasi dialoqun regionda davamı kimi də qiymətləndirmək olar. Görüş sülhə və sabitliyə xidmət edən müxtəlif sahələrdə layihələrin praktiki icrası üçün mövcud çağırışlar və regional reallıqlar ətrafında müzakirələr üçün unikal imkandır.
Səfər, Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıq fonunda ABŞ-ın hərtərəfli əməkdaşlıq imkanlarını genişləndirməsinə şərait yaradır.
Mühüm məqamlardan biri də odur ki, bu səfər Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün nəzərdə tutulmuş 6 aylıq müddətin başa çatdığı dövrə təsadüf edir. Əsas məsələ hər iki ölkənin siyasi liderləri tərəfindən münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən prinsipial siyasətdir.
Bu, Azərbaycan–ABŞ münasibətlərində praktiki əməkdaşlıq üçün institusional çərçivənin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.
Deputat bildirib ki, ABŞ-ın Cənubi Qafqazla yanaşı Mərkəzi Asiya strategiyasında da Azərbaycan mərkəzi mövqedə dayanır: “Xüsusilə Mərkəzi Asiyadan qiymətli metalların və faydalı qazıntıların Amerikaya tədarükündə Azərbaycanın strateji coğrafi mövqeyi və yaratdığı infrastruktur həlledici rol oynayır. Zəngəzur dəhlizi və TRİPP marşrutu Orta Dəhlizin əsas seqmentləri kimi bu prosesdə xüsusi əhəmiyyət kəsb edir. Bu günlər C5+1 siyasi dialoq formatının analoqu olan B5+1 biznes platformasının təsis edilməsi ABŞ-Mərkəzi Asiya əməkdaşlığının institutlaşdırılması planlarını göstərir. Azərbaycanın Mərkəzi Asiya Məşvərətçi Dialoq Platformasına qoşulması bu mexanizmlərin Altılıq formatında aparılmasını zəruri edir.
Prezident İlham Əliyevin Amerika Ticarət Palatasının üzvləri ilə keçirdiyi görüşdə verdiyi mesajlar da biznes layihələrinin ikitərəfli əlaqələrin davamlılığı üçün vacibliyini göstərdi.
Beləliklə, vitse-prezident Vensin səfər gündəliyində Azərbaycanın yaratdığı yeni status-kvonun üstünlüklərinə əsaslanan, regionun sərhədlərini aşan bölgədə əməkdaşlıq məsələləri ön plandadır. Prezident İlham Əliyevin sülh gündəliyinin Prezident Tramp tərəfindən müxtəlif beynəlxalq platformalarda yüksək qiymətləndirilməsi, eləcə də iki lider arasında mövcud olan etibarlı şəxsi münasibətlər də ikitərəfli siyasi əlaqələrin uğurunu şərtləndirən əsas amillərdəndir”.