BAKI, 9 fevral. TELEQRAF

"2025-ci ilin yekunları üzrə bu gəlirlərinin 60 milyon manat həddini keçməsi proqnozlaşdırılır. Dəqiq məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən 2026-cı ilin birinci rübündə açıqlanacaq".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bələdiyyələrin fəaliyyəti haqqında illik məruzə ətrafında müzakirələr zamanı ədliyyə nazirinin müavini Toğrul Hüseynov deyib.

O qeyd edib ki, 2024-cü il üzrə bələdiyyə büdcəsinin icrası barədə məlumatına əsasən ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7.9 milyon manat artaraq (14,4%) ilk dəfə 63 milyon manata yaxın vəsait təşkil edib:

"2025-ci ildə 4 yeni bələdiyyə müəssisəsi (Gədəbəy bələdiyyəsi - "Yaşıl Gədəbəy", Xol Qarabucaq bələdiyyəsi - "Zəfər-Agro-2025", Oğuz bələdiyyəsi - "Oğuz-2025", İsmayıllı bələdiyyəsi - "İsmayıllı Aqrar və Təmir-Tikinti Xidmət İdarəsi") yaradılmışdır ki, onların əsas fəaliyyət istiqamətlərini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, təmir-tikinti işlərinin aparılması və s. məsələlər əhatə edir.

Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 1698 aktdan 697-si (41%) ləğv edilib, 950-si (56%) dəyişdirilib, 7 (0,4%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 44 (2,6%) təklif isə növbəti ilə qalıq keçib.

Keçən il inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 81 711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 79 448 (97,2%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib".