BAKI, 9 fevral. TELEQRAF

"Dövlət başçısının həyata keçirdiyi ardıcıl və düşünülmüş siyasət nəticəsində Azərbaycan regionda və beynəlxalq müstəvidə artan nüfuza malik, müstəqil mövqeyi və prinsipial yanaşmaları ilə seçilən güclü dövlət kimi tanınır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bələdiyyələrin fəaliyyəti haqqında illik məruzəsi ətrafında müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, xalqımız Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış böyük qələbənin yaratdığı milli birlik və qürur hissi ilə suveren dövlət quruculuğu yolunda inamla irəliləməkdədir:

“Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkəmizin hərtərəfli inkişafına, sosial-iqtisadi tərəqqisinə yönəlmiş genişmiqyaslı islahatların həyata keçirilməsi üçün möhkəm zəmin yaratmışdır. Bu strateji xəttə uyğun olaraq 2025-ci ildə də ölkəmizdə bütün sahələri əhatə edən islahatlar uğurla davam etdirilib. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq uğurla icra olunur, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə yol-nəqliyyat, enerji və sosial infrastruktur qurulur, müasir şəhər və kəndlər salınır, “Böyük Qayıdış”a dair I Dövlət Proqramına uyğun olaraq əhalinin doğma torpaqlara təhlükəsiz və layiqli qayıdışı təmin edilir ki, bu da regionun sosial-iqtisadi dirçəlişini və dayanıqlı inkişafını şərtləndirir.

Qeyd etmək istəyirəm ki, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün tamam olması ilə əlaqədar olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilib. Sözügedən sərəncamın icrası çərçivəsində hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi, konstitusion dəyərlərin təşviqi, insan hüquq və azadlıqlarının təmini sahəsində mühüm tədbirlər həyata keçirilib ki, bu da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və suveren hüquqların praktik müstəvidə təmin olunmasına xidmət edib.

Konstitusion dəyərlərin və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər yerli özünüidarəetmə institutunun hüquqi və institusional əsaslarının güclənməsini təmin etmiş, bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, normativ hüquqi aktlara edilən dəyişikliklər və qəbul edilən yeni qanunlar idarəetmənin səmərəliliyinin artırılmasına, bələdiyyələrin institusional potensialının möhkəmlənməsinə və fəaliyyət istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə mühüm töhfə verib”.

Komitə sədri bildirib ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa olunmasından sonra ilk dəfə olaraq 2025-ci ilin yanvar ayında növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm mərhələ olub:

“Seçkilərin şəffaf, azad və qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə geniş hüquqi-maarifləndirmə tədbirləri həyata keçirilib, nazirliyin rəsmi internet resursları və “Bələdiyyələrlə iş” informasiya sisteminin imkanlarından səmərəli istifadə edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, 2025-ci ildən etibarən bələdiyyə aktlarının inzibati nəzarət qaydasında baxılması tam elektron mühitə keçirilmiş və ölkə üzrə bütün bələdiyyələrin aktları “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə təqdim olunmağa başlanıb.

İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da bu sistemə inteqrasiyası təmin edilmişdir. Bu yenilik bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının və bununla bağlı inzibati xətaların əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Vurğulanmalıdır ki, 2025-ci ildə Milli Məclisinin Regional məsələlər komitəsinin iclaslarında yerli özünüidarəetmə və torpaq münasibətləri sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə yönəlmiş mühüm qanunvericilik təşəbbüsləri müzakirə olunmuş, Torpaq, Mülki, Mənzil, Şəhərsalma və Tikinti məcəllələrində, eləcə də bələdiyyə torpaqlarının idarə olunması və daşınmaz əmlakın dövlət reyestri ilə bağlı qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihələri baxılaraq qəbul edilmiş müvafiq Qanunla təsdiqlənib.

Qeyd olunan qanun dəyişikliklərinin praktiki icrasının təmin edilməsi məqsədilə imzalanmış Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2025-ci il tarixli 465 nömrəli Fərmanı və bunun icrası ilə bağlı Nazirlər Kabinetinin 19 avqust 2025-ci il tarixli Sərəncamı normativ-hüquqi aktların uzlaşdırılmasına, yerli özünüidarəetmə və torpaq münasibətləri sahəsində hüquqi mexanizmlərin dəqiqləşdirilməsinə, eləcə də tətbiq prosesində səmərəliliyin və hüquqi müəyyənliyin artırılmasına mühüm zəmin yaradıb.

Yerli özünüidarəetmənin davamlı inkişafı naminə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilmiş, bələdiyyələrin milli assosiasiyalarının institusional potensialının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində məqsədyönlü addımlar atılıb.

Ümumilikdə 2025-ci il ərzində həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli özünüidarəetmə orqanı kimi nüfuzunun artırılmasına, o cümlədən bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, yerli əhali ilə münasibətlərdə daha effektiv bir quruma çevrilməsi üçün bu və ya digər problemlərin həlli məqsədilə səyləri birləşdirmək, zəruri tədbirlər görmək çox vacibdir.

Sonda qeyd olunanların davamı olaraq, yerli özünüidarəetmənin daha səmərəli və funksional institut kimi formalaşdırılması məqsədilə bir sıra təkliflərin irəli sürülməsi məqsədəuyğun hesab edilir. Belə ki, bələdiyyələrin maliyyə müstəqilliyinin gücləndirilməsi, onların gəlir mənbələrinin genişləndirilməsi və maliyyə intizamının artırılması istiqamətində əlavə mexanizmlərin tətbiqi vacibdir. Bununla yanaşı, bələdiyyə üzvləri və qulluqçuları üçün davamlı peşəkar hazırlıq və ixtisasartırma proqramlarının genişləndirilməsi, rəqəmsal idarəetmə alətlərinin tətbiqinin dərinləşdirilməsi, şəffaflıq və hesabatlılığın artırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünün daha dəqiq tənzimlənməsi, ictimai iştirakçılığın və vətəndaş nəzarətinin gücləndirilməsi yerli əhali ilə qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcəkdir. Bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin davam etdirilməsi bələdiyyələrin nüfuzunun artırılmasına və yerli özünüidarəetmənin real inkişafına mühüm töhfə verəcəkdir”.