BAKI, 5 fevral. TELEQRAF

"Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan üçün iqtisadi tərəfdaş, etibarlı siyasi və strateji müttəfiqlərdəndir. Son illər ərzində ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıq xarakteri alıb. BƏƏ Prezidentinin Bakıya və Şuşaya səfəri, bu günlərdə cənab Prezident İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri qarşılıqlı etimadın və yüksələn siyasi dialoqun məntiqi davamıdır".

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, səfər bir daha göstərir ki, Azərbaycan ilə BƏƏ arasında təhlükəsizlik və müdafiə istiqamətlərində də yeni mərhələ başlayır: "Birgə hərbi təlimlərə verilən xüsusi diqqət iki ölkə arasında formalaşan strateji yaxınlığın konkret ifadəsidir. Azərbaycan bu tip genişmiqyaslı hərbi təlimləri indiyədək əsasən qardaş Türkiyə ilə keçirib. Bu baxımdan BƏƏ ilə təşkil olunan təlimlər tərəflər arasında yüksək etimadın, operativ uyğunlaşmanın və qarşılıqlı dəstəyin göstəricisidir.

Belə təlimlər Azərbaycan və BƏƏ silahlı qüvvələri arasında koordinasiyanın güclənməsinə, təcrübə mübadiləsinə və hər iki ölkənin müdafiə potensialının artmasına real töhfə verir. Eyni zamanda bu əməkdaşlıq bölgədə sabitlik və təhlükəsizliyə xidmət edən məsuliyyətli tərəfdaşlığın nümunəsi kimi dəyərləndirilə bilər. Azərbaycan hər zaman dost və tərəfdaş ölkələrlə qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan münasibətlərin tərəfdarı olub".

Günay Ağamalı qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistan arasında sülh gündəliyi məsələsində xüsusi çəkiyə malikdir: "Vaşinqton görüşündən əvvəl məhz Əbu-Dabidə tərəflər yüksək səviyyəli dialoq qurmuşdular. Mövcud geosiyasi dinamikada cənab Prezident İlham Əliyevin Bakı və İrəvan arasında sülhün bərqərar olması çərçivəsində liderlik təşəbbüsünün "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə qiymətləndirilməsi sülh istiqamətində görülən işlərin real nəticəsidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir, ölkəmizi etibarlı tərəfdaş kimi önə çıxarır. BƏƏ ilə münasibətlərin dərinləşməsi də məhz bu uzaqgörən siyasətin nəticəsidir və əminliklə demək olar ki, qarşıdakı dövrdə iki ölkə arasında əməkdaşlıq daha geniş sahələri əhatə edəcək".