BAKI, 4 fevral. TELEQRAF
"Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri, sadəcə növbəti diplomatik hadisə deyil. Bu səfər Bakı ilə Əbu-Dabi arasında münasibətlərin artıq qarşılıqlı etimada, regional təhlükəsizlik məsələlərinə ortaq baxışa və gələcəyə dair ümumi vizyona əsaslanan yetkin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, qısa tarixi müddət ərzində BƏƏ Azərbaycanın Yaxın Şərqdə ən yaxın tərəfdaşlarından birinə çevrilib: "Əməkdaşlığımız artıq yalnız ticarət-iqtisadi gündəmlə məhdudlaşmır. Bu gün münasibətlər enerji, investisiya, “yaşıl” texnologiyalar, humanitar sahə və xüsusilə təhlükəsizlik istiqamətlərini də əhatə edir. Azərbaycanın iqtisadi transformasiya və postmünaqişə bərpası mərhələsində BƏƏ şirkətlərinin fəallığı, bərpa olunan enerji layihələrinə maraq göstərməsi tərəfdaşlığın praktik ölçüsünü aydın şəkildə ortaya qoyur.
Xatırladaq ki, ötən ilin sentyabrında BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın Bakıya və Şuşaya səfəri xüsusi siyasi və simvolik məna daşıyırdı. Bu addım Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqların qəbul edildiyini və ölkəmizin suveren seçiminə hörmət göstərildiyini nümayiş etdirdi. Qarabağa səfər isə BƏƏ-nin Azərbaycanı uzunmüddətli tərəfdaş kimi gördüyünün və postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq proseslərinə açıq dəstəyinin göstəricisi oldu. Bu, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin Cənubi Qafqazda sabitliyin möhkəmlənməsində Azərbaycanın rolunu yüksək qiymətləndirdiyini də ortaya qoydu.

Bu gün dövlət başçımızın BƏƏ-yə səfəri həmin siyasi xəttin davamlı xarakter daşıdığını təsdiqləyir. Tərəflər münasibətləri sadəcə bəyanatlar səviyyəsində deyil, konkret layihələr və institusional mexanizmlər üzərindən möhkəmləndirirlər. Yüksək səviyyəli dialoqun intensivliyi göstərir ki, Bakı və Əbu-Dabi qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq modelini ardıcıl şəkildə inkişaf etdirir".
Sevinc Fətəliyeva vurğulayıb ki, Azərbaycan–BƏƏ münasibətlərində xüsusi diqqət çəkən istiqamətlərdən biri də hərbi əməkdaşlıqdır: "Birgə hərbi təlimlərin keçirilməsi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. İndiyədək Azərbaycan bu cür dərin hərbi əməkdaşlıq formatını əsasən Türkiyə ilə həyata keçirirdi. Bu gün isə strateji etimad dairəsinə BƏƏ də qoşulub. Bu təlimlər təkcə döyüş hazırlığı elementi deyil. Söhbət iki ölkənin silahlı qüvvələri arasında operativ əlaqələrin qurulmasından, təcrübə mübadiləsindən və ümumi müdafiə potensialının gücləndirilməsindən gedir. Əslində, bu əməkdaşlıq müsəlman dünyasında təhlükəsizlik sahəsində yeni tərəfdaşlıq modelinin formalaşmasına xidmət edir. Bu, sözlərə deyil, real qarşılıqlı fəaliyyətə əsaslanan bir modeldir. Bu, həm də qardaşlıq münasibətlərinin praktik təzahürü kimi qiymətləndirilə bilər".
Deputat qeyd edib ki, Azərbaycan–BƏƏ yaxınlaşmasının daha geniş geosiyasi ölçüsü də var: "Beynəlxalq münasibətlərin sürətlə dəyişdiyi, qlobal güc balanslarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında körpü rolunu getdikcə gücləndirir. BƏƏ isə Bakını regionda sabitliyə töhfə verə bilən, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi qəbul edir. Bu qarşılıqlı yanaşma radikal meyllərin qarşısının alınması, konstruktiv regional gündəliyin təşviqi və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Bu gün artıq əminliklə demək olar ki, Azərbaycan təkcə enerji tərəfdaşı kimi deyil, həm də sülh, inkişaf və postmünaqişə bərpası gündəliyini formalaşdıra bilən mühüm siyasi aktor kimi qəbul olunur. BƏƏ ilə strateji tərəfdaşlıq isə bu yeni statusun parlaq göstəricilərindən biridir. Əminliklə deyə bilərik ki, əldə olunmuş yüksək etimad səviyyəsi və çoxşaxəli əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək, ölkələrimiz sürətlə dəyişən dünya çağırışlarına birlikdə cavab verəcək və regionda davamlı sabitliyə töhfələr verəcək".