BAKI, 2 fevral. TELEQRAF
Azərbaycanda emal edilməmiş almazların idxal və ixracı ilə bağlı yeni cərimə tətbiq ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihədə qeyd edilir ki, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın 5 (qurumun) rəyi olmadan idxalı və ixracına görə - fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.