BAKI, 28 yanvar. TELEQRAF

"Hazırda aztəminatlı ailələrdən olan 179 min 618 uşağa ünvanlı dövlət sosial yardımı ödənişi verilir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən iclasda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Nazirlik rəsmisi bildirib ki, yeni qanun layihəsində uşaq artıq yalnız sosial yardım alan şəxs kimi deyil, sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınıb:

"Həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 2025-ci il ərzində 275 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb və 176 uşaq isə müəssisələrdən ailələrinə qaytarılıb. 2026-cı il bir yanvar tarixinə 44 200 nəfər əlilliyi olan uşaq, 67 000 nəfər ailə başçısını itirmiş uşaq, 13 200 nəfər beşdən çox uşağı olan qadınların uşağı, 3 200 nəfər aztəminatlı ailələrin 1 yaşınadək uşağı, 647 nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşağı, həmçinin 42 nəfər övladlığa götürülmüş, 47 nəfər isə himayədar ailəyə verilmiş uşaq olmaqla ümumilikdə 128 mindən çox uşaq nazirlik tərəfindən sosial ödənişlərlə təmin olunur".