BAKI, 28 yanvar. TELEQRAF
"Bu gün müzakirə etdiyimiz “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi dövlətimizin uşaqlara, onların taleyinə, gələcəyinə və mənəvi təhlükəsizliyinə verdiyi dəyərin göstəricisidir. Uşaq hüquqları hər bir cəmiyyətin inkişaf səviyyəsini, humanist mahiyyətini və sabaha olan məsuliyyətini ölçən ən həssas göstəricilərdən biridir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iclasında deputat Günay Ağamalı deyib.
O qeyd edib ki, qüvvədə olan “Uşaq hüquqları haqqında” Qanunun qəbulundan təxminən 25 il keçir: "Bu müddət ərzində dünyada və ölkəmizdə uşaq hüquqlarına yanaşma köklü şəkildə dəyişib. Uşaq müdafiəyə ehtiyacı olan, hüquqları olan, fikri və mövqeyi nəzərə alınmalı olan şəxsiyyət kimi qəbul olunur. Yeni qanun layihəsi məhz bu müasir baxışın hüquqi ifadəsidir.
Layihənin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, burada uşaq hüquqlarına ümumi və abstrakt yanaşmadan imtina edilir, sistemli, kompleks və praktik mexanizmlərə əsaslanan bir model ortaya qoyulur. Xüsusilə uşağın üstün mənafeyi prinsipinin konkret hüquqi təminatlarla möhkəmləndirilməsi çox mühüm yenilikdir. Bu layihə göstərir ki, uşağın mənafeyi anlayışı hüquqi, sosial, psixoloji və tibbi komponentləri olan obyektiv kateqoriyadır və hər bir qərar qəbul edilərkən əsas meyar kimi çıxış etməlidir.
Bu sahədə əldə olunan bütün uğurların əsasında Prezident İlham Əliyevin insan amilini dövlət siyasətinin mərkəzinə qoyan ardıcıl və prinsipial mövqeyi dayanır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət uşaqların hüquqlarının qorunmasını, onların sağlam, təhlükəsiz və ləyaqətli mühitdə böyüməsini dövlətin əsas prioritetlərindən biri kimi müəyyən edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti isə bu siyasətə xüsusi humanist və mənəvi məzmun qazandırır. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr uşaqların sağlamlığının qorunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası, təhsil imkanlarının genişləndirilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində real nəticələr verir. Təqdim olunan bu qanun layihəsi də məhz həmin ali siyasi iradənin və dövlətimizin uşaqlara olan yüksək həssas münasibətinin hüquqi ifadəsidir".
Deputat bildirib ki, qanun layihəsinin mahiyyəti dövlətimizin uşaqlara münasibətdə fəlsəfəsini daha aydın, daha konkret və daha məsuliyyətli formaya salmaqdır: “Biz bu sənədlə uşağı ailənin, cəmiyyətin və dövlətin ortaq dəyəri kimi təsbit edirik.
Uşağa qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Bu layihə isə gələcəyimizi hüquqi, mənəvi və sosial baxımdan daha möhkəm təməllər üzərində qurmaq istiqamətində atılan mühüm addımlardandır. Əminliklə deyə bilərəm ki, sözügedən qanun qəbul edildikdən sonra uşaqların müdafiəsi sahəsində davamlı və real nəticələr əldə olunacaq.
Bu mənada layihəni dəstəkləyir, onun qəbulunu Azərbaycanın uşaq hüquqları sahəsində yeni və daha yetkin mərhələyə keçidi kimi qiymətləndirirəm".