"Uşaqların hüquqlarının təmin edilməsi, onların cəmiyyətdə necə yetişdirilməsi ilə əlaqədar hər bir dövlətin üzərinə böyük məsuliyyət düşür".

Teleqraf xəbər verir ki, bunu Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, həm ümumilli lider Heydər Əliyev, həm ölkə prezidenti İlham Əliyev daim uşaqların inkişafına, formalaşmasına, tərbiyəsinə, sağlamlığına, mədəniyyətinə böyük diqqət yetiriblər:

“Təəssüf ki, müasir dünyada uşaqların qorunması prosesi çox ciddi problemlərlə üzləşir. Halbuki insan hüquqlarının fundamental dəyərə çevrildiyi müasir dünyada cəmiyyətin ən həssas qruplarından biri uşaqlardır və onların hüquqları və rifahı beynəlxalq gündəmdə əsas yer tutur.

Sivilizasiya sürətlə inkişaf etsə də, bu gün dünya birliği çox ciddi çağırışlarla üz-üzədir. Dünyada milyonlarla uşaq həm yoxsulluqdan, silahlı münaqişələrdən, müharibələrdən, ayrı seçkilikdən, iqlim dəyişiklərindən və digər qlobal problemlərdən əziyyət çəkir.

Bütün bu çağırışlar bütün maraqlı tərəfləri, həm dövlət strukturlarını, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətini və hətta özəl sektorları da narahat edərək, onların birgə səylərini gündəmə gətirir. Yalnız, birgə səylərlə bu çağırışların qarşısını almaq olar”.

Nazir müavini əlavə edib ki, “Uşaq hüquqları haqqında” qüvvədə olan qanun 30 ilə yaxın müddətdir qəbul edilib və dünyadakı proseslər, çağışlar onun yenilənməsini zəruri edir.