BAKI, 28 yanvar. TELEQRAF
"Qüvvədə olan “Uşaq hüquqları haqqında” qanun müasir tələblərlə uzlaşmır".
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, həmin səbəbdən müvafiq standartlara və müasir sosial reallıqlara uyğun olan, güclü preventiv və qoruyucu mexanizmləri nəzərdə tutan yeni qanuna ehtiyac var:
“Qanun layihəsi 8 fəsil, 63 maddədən ibarət olmaqla dövlət uşaq siyasətinin 6 məqsədini, dövlətin 9 əsas vəzifəsini, uşaqların mənafelərinin üstünlüyünü təmin edən 11 əsas mexanizmi və 33 uşaq hüquq və azadlığının dövlət təminatını əhatə edir”.
Bahar Muradova əlavə edib ki, qanun layihəsində ilk dəfə olaraq uşaqlara qarşı cismani cəza anlayışı ayrıca təsbit edilir və bu cür halların yolverilməzliyi açıq şəkildə ortaya qoyulur:
“Qanun layihəsi uşaq hüquqlarının qorunmasında yeni risk sahələrini də nəzərə alır. İnformasiya-kommunikasiya texnologiyalarının geniş yayılması fonunda internet və informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə törədilən təhlükəli əməllər uşaqlara qarşı zorakılıq forması kimi tanınır.
Layihə eyni zamanda yeni məsuliyyət mexanizmləri müəyyən edir. Uşaqlara qarşı zorakılıq əlamətlərini aşkar etdiyi halda bu barədə məlumat verməyən valideynlər, eləcə də uşaqlara nəzarəti həyata keçirən müəssisələrin işçiləri məsuliyyət daşıyacaqlar.
Bundan başqa, uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışı – yəni bulinq halları – zorakılıq forması kimi müəyyən edilir və müvafiq müəssisələrə bu halların qarşısının alınması üzrə konkret öhdəliklər qoyulur”.
Komitə sədrinin sözlərinə görə, mühüm yeniliklərdən biri də uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərin qanunvericilik tələbi kimi müəyyən edilməsidir:
“Bu istiqamətdə dövlət orqanları ilə yanaşı bələdiyyələr və qeyri-hökumət təşkilatlarının da üzərinə müvafiq öhdəliklər qoyulur. Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və sosial müdafiəsi üçün xüsusi mexanizmlər nəzərdə tutulur.
Qanun layihəsi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin institusional əsaslarını gücləndirir.
Bu sahədə müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı, prokurorluğun da prosessual nəzarət subyekti kimi müəyyən edilməsi təklif olunur.
Qeyd edək ki, "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb”.