BAKI, 28 yanvar. TELEQRAF
"Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Ümumiyyətlə, qeyd etməliyik ki, ölkəmizin uşaq hüquqları, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi ilə bağlı müsbət təcrübəsi var. Və biz əldə etdiyimiz uğurları, yenilikləri beynəlxalq səviyyədə təqdim edirik. Elə bu günlərdə, Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında çıxış edərək, ailə siyasəti və gender bərabərliyi ilə bağlı cəmiyyətin dəyişən tələblərinə uyğun olaraq qanunvericilik bazasının hazırlanması və daim təkmilləşdirilməsində parlamentin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bu onu göstərir ki, Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də daim aktivdir və davamlı layihələr həyata keçirir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib.
O qeyd edib ki, ölkəmiz uşaq hüquqları ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulmuş, uşaq hüquqlarının müxtəlif aspektllərini özündə əks etdirən qanunlar qəbul edib, həmçinin milli qanunvericiliyin təkmiləşdirilməsi istiqamətində mühüm işlər görüb: "Lakin proses dayanmır. Elə bu gün biz yeni bir qanun layihəsini müzakirə edirik. Bildiyimiz kimi, 2023-cü ildə Azərbaycan Prezidenti tərəfindən uşaqların hüquqlarının daha effektiv müdafiəsi və müasir tələblərə uyğunlaşdırılması məqsədilə "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı sərəncam imzalanıb.
Bu sənəd, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində reallaşdırılır. Yeni qanun layihəsinin hazırlanmasında əsas məqsəd:
Mövcud qanunvericiliyin müasir çağırışları nəzərə almaqla təkmilləşdirilməsi, uşaq mənafelərinin qorunması, sosial təminat və beynəlxalq konvensiyalara uyğunlaşmadır.
Mən çox qısa şəkildə qanun layihəsinə dair fikirlərimi bildirmək istəyirəm. Bildiyiniz kimi, “Uşaq hüquqları haqqında” qanun 1998-ci ildə, təxminən 28 il bundan əvvəl qəbul edilib. Ötən müddət ərzində uşaq hüquqlarına dair qanunvericilik bazasına əlavə və dəyişikliklər edilsə də, daha uşaqyönümlü, real icra mexanizminə və nəticə əsaslı normativ- hüquqi akta ehtiyac var idi. Bu gün müzakirəyə çıxardığımız qanun layihəsi buna bariz nümunədir".
Komitə sədri bildirib ki, bu sənəddə bir çox mühüm yeniliklər yer alıb: "İlk növbədə, layihədə əsas anlayışların təsbitidir. Belə ki, 11 anlayış ayrıca maddədə hüquqi təriflərlə təsbit edilib, “Uşağın üstün mənafeləri”, “erkən evlilik”, “sosial reabilitasiya”, “zorakılığın formaları”, “cismani cəza” kimi anlayışlar normativ çərçivəyə salınmışdır. Bu, hüquqi tətbiqetmə zamanı boşluqlarının aradan qaldırılması baxımından çox vacibdir. Uşağın üstün mənafeləri ayrıca maddədə konkret təminatlarla müəyyən edilir. Belə ki, uşağa aid qərar qəbul edilməzdən əvvəl: araşdırmanın aparılması, uşağın fikrinin öyrənilməsi, mümkün mənfi təsirlərin əvvəlcədən qiymətləndirilməsi məcburi hüquqi öhdəlik kimi təsbit olunur. Bu, beynəlxalq hüquqda qəbul edilmiş “uşaqların üstün mənafeləri” prinsipinin milli qanunvericilikdə tam tətbiqini təmin edir.
Digər mühüm yenilik uşaqlara qarşı zorakılıq halları, onların aşkarlanması və zorakılığa məruz qalmış uşağın reabilitasiyası ilə bağlıdır. Əsas məqsəd prosedurların daha təkmil olmasından və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsindən ibarətdir. Mövcud qanundan fərqli olaraq, yeni qanun layihəsində “erkən evlilik” ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət yaradır. Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur. Və bu da vacib yenilikdir. Uşaq və ailə münasibətlərinə gəldikdə isə, yeni qanun layihəsinə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur.
Mövcud qanunda “Dövlət nəzarəti ümumi qeyd olunur”, lakin təqdim olunan qanun layihəsində praktiki icra üçün real alətlər müəyyən edilir. Məlumat bankı, göstəricilər, monitorinq meyarları, Ombudsman üçün müstəqil mexanizm təsbit edilir. Beləliklə, yeni qanun layihəsində uşaq hüquqları deklarativ xarakter daşımır, eyni zamanda, uşaqların real müdafiəsini və icrasını təmin edir. Bu sənəd beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur. Və uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ hüquqi baza yaradır".