BAKI, 22 yanvar. TELEQRAF
Yeni aeroport və aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına əlavə ediləcək.
Bildirilib ki, beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması, yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqların genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır.
Lakin sadalanan məqsədlər üçün torpaqların alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda öz əksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsində və genişləndirmə, tikinti işlərinin operativ şəkildə icrasında çətinliklər yaradır.
Qeyd edilənləri və hava limanlarının xüsusi əhəmiyyətə malik obyektlər olduğunu nəzərə alaraq dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların ərazilərin artırılması və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınmasının hüquqi əsası formalaşdırılacaq.
Qanun layihəsi hava limanlarının tikintisi və ərazisinin genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək.