BAKI, 16 dekabr. TELEQRAF
"Qanun layihəsi bir çox sahələri əhatə edir. Sənəddə çox mühüm əlavə və dəyişikliklər olunur. Bütövlükdə bu layihə hər bir vətəndaşın əmək hüquqlarının qorunmasına xidmət edir. Deputat həmkarlarım bir çox məsələləri qeyd etdilər. Mən isə ailə, qadın və uşaq məsələləri ilə bağlı fikirlərimi səsləndirmək istərdim. Qeyd edim ki, sənəddə dəfələrlə səsləndirdiyimiz təkliflər də öz əksini tapıb. Belə ki, təklif olunan layihədə “Ailə vəzifələri olan işçi”, “Minimum əmək haqqı”, “Ezamiyyət” və “Məsafədən (distant) iş” anlayışları və bundan irəli gələn digər hüquqi normalar öz əksini tapmışdır. Layihədə Beynəlxalq Əmək Təşkilatının 156 və 183 nömrəli Konvensiyaları, 165 nömrəli Tövsiyəsi nəzərə almaqla bir çox əlavə və dəyişikliklər edilib".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, "Ailə bizim cəmiyyətimizin əsas sütunudur" – Möhtərəm Prezident cənab İlham Əliyevin bu fikirləri Azərbaycan ailə institutunun nə qədər önəmli olduğunu bir daha vurğulayır: "Bu gün müzakirə etdiyimiz qanun layihəsi ailə institutunun möhkəmləndirilməsi, vətəndaşın əmək hüququnun qorunması, ailənin sosial müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Zaman dəyişir və biz dövrün çağırışlarına adekvat yanaşmalıyıq. Əmək münasibətlərində çevik və sosialyönümlü hüquqi normaların yaranması artıq bir zərurət idi. Məqsəd nədir? İnsanlar üçün layiqli əmək şəraiti yaradılsın, onlar heç bir halda ayrı-seçkiliyə məruz qalmasın, əmək hüquqları pozulmasın, bütün vəziyyətlərdə özünü inkişaf etdirə bilsin. Vətəndaşın iş və ya ailə həyatı balanslı şəkildə davam etsin".
Hicran Hüseynova deyib ki, milli qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilir: "Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır. Ata yalnız ailənin, uşağın maddi ehtiyaclarını deyil, həm də mənəvi, psixoloji, sosial - mədəni ehtiyaclarını qarşılamalıdır. Təcrübə göstərir ki, belə bir məzuniyyətin tətbiqi və ataların uşağın qayğısında, təlim-tərbiyəsində iştirakı həm ailə daxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir. Analığın müdafiəsinin gücləndirilməsi, hamilə qadınların analıq məzuniyyətinin yenidən hesablanması ilə bağlı əlavə və dəyişikliklər də müsbət bir haldır. Ailə məsuliyyətinin, ailə vəzifələrinin ədalətli bölüşdürülməsi — həm qadınların, həm də kişilərin potensialını tam istifadə etməsi üçün maneələrin aradan qaldırılması deməkdir”.