Bakı, 9 dekabr. TELEQRAF
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin və ümumilikdə büdcə zərfinə daxil olan sənədlərin Milli Məclisdə səmərəli müzakirəsinə, qaldırılan vacib məsələlərə, suallara, dəyərli təklif və tövsiyələrə görə millət vəkillərinə təşəkkürümü bildirmək istərdim. Eyni zamanda büdcə müzakirələrinin səmərəli təşkilinə görə Milli Məclisin rəhbərliyinə, hörmətli Sahibə xanım şəxsən Sizə öz adımdan və Hökumət üzvləri adından minnətdarlığımı çatdırıram.
Teleqraf xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin gələn ilin büdcə zərfinə dair müzakirəsi zamanı deyib.
O qeyd edib ki, 2026–2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkı inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır:
"Cari ilin ötən dövrü ərzində ölkə Prezidentinin həyata keçirdiyi xarici səfərlər və yüksək səviyyəli görüşlər ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirmişdir.
Məhz cari ilin 8 avqustunda Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın əldə olunması regionda davamlı sülhün, beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının və iqtisadi inkişafın təmin olunmasına xidmət edəcəkdir.
Bu dövrdə əldə olunmuş nailiyyətlər iqtisadi sabitliyin və dayanıqlığın qorunmasına, yeni investisiyaların cəlbinə və ölkəmizin beynəlxalq sahədə rolunun və mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci il “Konstitusiya və Suverenlik ili” kimi qeyd edilir.
Noyabrın 8-də qürur hissi ilə şahidi olduğumuz Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş möhtəşəm “Hərbi parad” müstəqil dövlətimizin gücünün, ordumuzun qüdrətinin və xalqımızın birlikdə yazdığı şanlı qələbənin təntənəsinə çevrildi”.
Baş nazir bildirib ki, Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk Hesabatı”nda sadalanan qlobal risklərə baxmayaraq cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır: "Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır.
Cari ilin 11 ayında Ümumi Daxili Məhsul 1.6% artmışdır, o cümlədən qeyri neft-qaz sektorunda 3.2% artım, neft-qaz sektorunda isə 1.8% azalma qeydə alınmışdır. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir.
Ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə - 12,5 milyard dollar artaraq 83,5 milyard dollardır. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 mlrd.manat) üstələyir. Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur.
Bu gün dünyanın iki aparıcı reytinq agentliyi (“Moody’s” və “Fitch”) ölkəmizin kredit reytinqini yüksəldib. Bu, ölkəmizdə iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir.
Əlbəttə ki, bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici və daxili siyasətin və islahatların təzahürüdür.
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası, eləcə də onların növbəti mərhələsi ortamüddətli dövr üçün əsas çağırışlar hesab olunur. Bu gün artıq 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır.
2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:
1. Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;
2. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;
3. Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
4. Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;
5. Təhsilin və innovativ inkişafın dəstəklənməsi;
6. Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
7. Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.
2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri isə 48.8 milyard manat proqnoz olunur. İcmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 2,9%-dir.
Makroiqtisadi proqnozlara əsasən 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5.0%-lik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur.
Azərbaycan iqtisadiyyatı son illərdə texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil olmuşdur. İqtisadi artımın keyfiyyət göstəriciləri yüksəlmiş, iqtisadi infrastrukturun müasirləşdirilməsi, innovasiya və rəqəmsallaşma əsas prioritetə çevrilmişdir.
Ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaqdır. Əgər Strategiyanın başlanğıc dövründə 2022-ci ildə ÜDM-nin həcminin 52 faizini qeyri-neft sektoru təşkil edirdisə (2025- 72%), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcəkdir".