BAKI, 8 dekabr. TELEQRAF

"Süni intellektin inkişafı üçün məlumat və infranstruktur lazımdır. Bu mənada iqlim sahəsində atılan addımlar da inkişaf trendinə çevrilməlidir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə suni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.

O qeyd edib ki, eyni zamanda bu sahənin inkişafı üçün həmin sahənin mütəxəssislərinin olması da vacibdir: “Artıq inkişaf etmiş ölkələrin inkişafında məlumat və insan resursları ilə bağlı uğurlar var. Amma süni intellektlə bağlı mənzərə heç də eyni deyil. Əslində burada həllər üçün vacib alətlərə ehtiyac mövcuddur”.

Nazir müavini bildirib ki, artıq süni intellekt akademiyasına gənclərin cəlbi prosesi uğurla davam edir: “Bu gəncləri biz süni intellekt mütəxəssisləri kimi hazırlaya biləcəyik. Həmçinin akademiyanın inbkişafı üçün dünyanın bir çox aparıcı universitetləri ilə əməkdaşlıq qurulub”.