BAKI, 16 may. TELEQRAF

Plastik əməliyyatların həyata keçirilməsi üçün ayrıca mərkəzin yaradılması təklif olunur.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Səyyad Salahlı “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı məlumat verib.

"Dünən İnsan hüquqları komitəsinin qəbulunu mən aparmışdım. Çıxış etmişdim ki, plastik cərrahlar haqqında sahədə boşluq var və kim istəyir əməliyyat edir. Dünən bir valideyn gəlmişdi və övladı plastik əməliyyat zamanı ölüb. Valideynlər deyirlər ki, həmin həkim fərqli soyadla fəaliyyət göstərir. Nazirlik siyahı dərc etdi, amma hamı bilməlidir ki, həmin şəxslər kimdir. Yaxından tanımalıdır. Ölən şəxs komaya düşəndən sonra həkim aparıb evinə, görüb ki, sağalda bilmir. Valideynlər etiraz edirlər. Səhiyyə nazirinə müraciət edirəm, plastik cərrahiyə əməliyyatına dair xüsusi mərkəz yaradılsın. Vətəndaş da bilsin ki, hara gedir. 9-cu sinifi bitirmiş şəxsə plastik cərrahiyyə ilə məşğul olmağa kim imkan verib? Mərkəz yaradılsın" , - deputat əlavə edib

O, rayonlardakı problemlərdən də danışıb:

"Bəzən həkim rayona işləməyə gedir, 4-5 aydan sonra Bakıya qayıdır. Dövlət həkimi oxudur, təqaüd verir, göndərir rayonlara, sonra isə həmin şəxs deyir ki,rayonun havası düşmür, qayıdıram Bakıya. Vətənin borcunu ödəmədən hara gedirsən!? Təyinatı üzrə 2-3 il rayonlarda qalmalıdır. İmişlidə 140 min əhalinin rentgen aparatı yoxdur. Belə iş olar? Saatlı, Sabirabadda lor həkİmi yoxdur. Vətəndaşlar Bakıya gəlməlidirlər. Belə şey olar? Mütləq şəkildə həkim təyinatı üzrə bir neçə il işləməlidir".