BAKI, 16 may. TELEQRAF

Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.

Teleqraf xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Cinayət-Prosessual Məcəlləsinə müvafiq məsələni nəzərdə tutan 214.4-1-ci maddənin əlavə edilməsi təklif olunur.

Həmçinin, bunu nəzərə alaraq Məcəllənin 68.3-cü maddəsinə hərbi məhkəmələrin baxdığı işlər siyahısına "məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar" ifadəsinin də əlavə edilməsi təklif olunub.

İnzibati Xətalar Məcəlləsinə isə 54.2-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.