BAKI, 14 sentyabr. TELEQRAF
Sabahdan sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək.
“Azərbaycan Dəmir Yolları”ndan (ADY) Teleqraf-a verilən məlumata görə, vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb.
Bununla da Bakı vağzalında turniketlərin ümumi sayı 32% artaraq 46-ya çatdırılıb. Bu yenilik xüsusilə gediş-gəlişin intensiv olduğu saatlarda sərnişinlərin daha rahat hərəkətinə imkan yaradacaq.
Səfərlərin daha rahat və operativ təşkili məqsədilə 15 sentyabrdan Xırdalan–Bakı istiqamətində hərəkət vaxtı qısaldılacaq. Yeni hərəkət cədvəlinin tətbiqi ilə qatarların yolda olma müddəti 35 dəqiqəyə endiriləcək. Hazırda Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün təmiri ilə əlaqədar həmin istiqamətdə səfər müddəti 45 dəqiqə təşkil edir. Bu dəyişiklik sərnişinlərə vaxtlarına qənaət etməyə və səfərlərini daha rahat planlaşdırmağa imkan verəcək. Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi bir qədər də artırılacaq, yəni Bakı–Xırdalan istiqaməti üzrə səfər müddəti əvvəlki qaydada 26 dəqiqə təşkil edəcək, eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.
Yeni qrafikə əsasən, Bakı–Xırdalan–Bakı marşrutu ilə reyslərin sayı 26-dan 32-yə çatdırılıb, o cümlədən Xırdalan istiqamətində sərnişin axını nəzərə alınaraq səhər saatlarında 2 reys artırılıb. Həmçinin Bakı–Xırdalan istiqamətində saat 20:30 reysi əlavə olunub. Ümumilikdə, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 90-dan 96-ya çatdırılıb.
Bundan başqa, sərnişinlərin rahatlığı üçün turniketlərdə təmassız ödəniş imkanları da genişləndirilib. Hazırda “Visa” ilə yanaşı, “Mastercard” kartları ilə də NFC vasitəsilə gediş haqqını ödəmək mümkündür.