BAKI, 14 sentyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla görüşəcəyinə ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, görüşün əsas mövzuları dəniz və enerji məsələləri üzrə atəşkəs olacaq.
“Dəniz və enerji məsələləri üzrə atəşkəsə açığıq. Bütün bunları müzakirə etmək niyyətindəyəm. Artıq bu barədə ABŞ Prezidenti ilə danışmışam. Əgər bu, onun planları ilə də üst-üstə düşərsə, əgər mənim Nyu-Yorka uçmağım mümkün olarsa, hazırda söhbət məhz bunların ətrafında gedir. Sentyabrın 20- 21-22-23-ü tarixlərindən söhbət gedir”, - Zelenski bildirib.
O əlavə edib ki, əgər Rusiya Prezidenti Vladimir Putin tam atəşkəs istəmirsə, heç olmasa taxıl və enerji üzrə mümkündür: “Üstəlik, bu istiqaməti bu qədər çox ölkə dəstəkləyir”.