BAKI, 14 sentyabr. TELEQRAF
“Avropa ölkələri Arktika və Baltik dənizində Rusiyanın yaratdığı təhdidlərə daha koordinasiyalı, sürətli və gözlənilməz şəkildə cavab verməlidir”.
Teleqraf xəbər verir ki, bunu Latviya Baş naziri Andris Kulberqs deyib.
“Arktikanın və şərq cinahının təhlükəsizliyi bir-biri ilə əlaqəlidir. Baltik dənizi və Arktikaya yönəlik təhdidlər uzunmüddətlidir. Təəssüf ki, aqressiv qonşumuzdan gördüyümüz budur. Arktika və Baltik dənizi eyni - sualtı infrastruktur problemi ilə üzləşib. Bu, üzərində birlikdə işləməli olduğumuz məsələdir”, - Baş nazir bildirib.
Kulberqs müttəfiqlərin müşahidə, nəzarət, müdafiə və çəkindirmə tədbirlərini daha yaxşı koordinasiya etməsinin zəruriliyini vurğulayıb. Bununla yanaşı, o, Avropa ölkələrinin həmişə qaydalara və doktrinalara uyğun hərəkət etməsini çatışmazlıq hesab edir: “Çünki Rusiya, Putin avropalıların həmişə qaydalara uyğun oynayacağını gözləyir. Bunu dəyişmək, NATO-nun doktrinalarına yenidən baxmaq lazımdır”.
Latviya Baş naziri Rusiyadan hibrid hücumlar və infrastruktura yönəlik təhdidlərlə yanaşı, birbaşa hərbi təhlükə də görür:
“Rusiya Ukraynada ayda 34 min nəfər itirir, bu, onların cəlb edə biləcəyindən daha çoxdur. Ukrayna bizə qiymətli vaxt qazandırır, bunun hər dəqiqəsindən istifadə etməliyik”.
Andris Kulberqs əlavə edib ki, Arktika Rusiyanın nüvə silahları üçün də meydanıdır.