BAKI, 14 sentyabr. TELEQRAF
Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan Tehranda İran Gömrük Xidmətinin rəhbəri Forud Əsgəri ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş addımların əhəmiyyəti vurğulanaraq, qarşıdakı dövrdə müxtəlif məsələlər üzrə daha sıx əməkdaşlığın zəruriliyi qeyd edilib.
Görüşdə Ermənistan və İran arasında transsərhəd ticarət axınlarının və nəzarət əməliyyatlarının asanlaşdırılması, ilkin məlumat mübadiləsi sisteminin mümkün qədər tez işə salınması və səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınmasına yönəlmiş işlər müzakirə olunub.
“Xarici iqtisadi fəaliyyətin qanunlara əməl edən iştirakçıları üçün daha əlverişli şərait yaratmaq və gömrük prosedurlarını sürətləndirmək məqsədilə Ermənistan və İran əraziləri ilə daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumatların mübadiləsinin təşkilinə dair (“Sadələşdirilmiş gömrük dəhlizi”) protokol imzaladıq. Həmçinin Mehri-Nurduz sərhəd-keçid məntəqəsinin birgə istifadəsi haqqında sazişin müddətinin uzadılması məsələsi ilə bağlı razılaşma əldə etdik”, - Akopyan görüşdən sonra bildirib.