BAKI, 25 oktyabr. TELEQRAF

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əli-zadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Teleqraf xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.

Ona qarşı Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, Ə.Əli-zadənin qardaşı Orxan Əlizadə Xətai Rayon Məhkəməsində hakimdir.

Xatırladaq ki, insidentlə əlaqədar saxlanılan digər 5 nəfər - Kamran Əfəndiyev, Mikayıl İsmayılov, Ramil Dadaşov, Eldar Eldarov, Həsən Zülfiqarov barəsində təqdimata Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə baxılıb və 4 ay həbs qətimkan tədbiri seçilib.

Cinayət-Prosessual Məcəlləsinə görə, ittiham olunan şəxslə hakim (və ya məhkəmə tərkibi) arasında qohumluq və ya yaxınlıq əlaqələrinin olması gələcəkdə mübahisələndirilə bilər.

Bu səbəbdən Xətai Rayon Məhkəməsinin hakim heyəti öz-özünə etiraz edərək Ə.Əli-zadənin işinə ayrı məhkəmədə baxılması üçün vəsatət qaldırmışdı.

Material aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdi.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim olunmuşdu.