BAKI, 6 dekabr. TELEQRAF
Bakıda Ayna Sultanova heykəlinin yaxınlığında baş verən və bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf xəbər verir ki, 2000-ci il təvəllüdlü Cavid İsa oğlu Əsgərov idarə etdiyi “Mercedes Benz C250” markalı, 99-GC-949 dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospekti ilə “Gənclik” istiqamətində hərəkətdə olarkən piyadanı vurmuşdu.
Ağır xəsarətlər alan piyada Babaşov Məhəmməd İmaməli oğlu xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişmişdi.
Hadisə ilə bağlı Cavid Əsgərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) ilə təqsirləndirilmiş şəxs qismində məsuliyyətə cəlb olunmuşdu.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılıb.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib. Mərhum, digər avtomobilin qarşısından qəflətən qaçaraq yola daxil olub. Bu səbəbdən Cavid Əsgərovun toqquşmanın qarşısını almaq imkanı olmayıb.
Toplanmış sübutlar əsasında məhkəmə Cavid Əsgərovun günahsız olduğunu müəyyən edib və onun barəsində bəraət hökmü çıxarıb.