BAKI, 6 dekabr. TELEQRAF

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayon şöbələrində çalışmış Turab Nazim oğlu Yunisov Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

Teleqraf xəbər verir ki, mayor Yunisov Siyəzən, Saatlı və İsmayıllı rayon şöbələrində hərbi qulluqçu kimi işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işə düzəltmə, hərbi xidmətdən möhlət verilməsi, müharibə veteranı adına və işə qəbul vədləri adı altında 15 nəfərdən 1000-10 000 manat aralığında pul alıb.

İstintaq materiallarına görə, o, ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etməklə külli miqdarda ziyan vurub. Zərərçəkmişlərin böyük hissəsi aldıqları ziyanın geri qaytarılmadığını bildirib.

Tərtər Rayon Məhkəməsi Yunisova 4 il azadlıqdan məhrumetmə cəzası təyin etsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab etmişdi.

Bu qərar həm prokuror, həm də zərərçəkmişlər tərəfindən narazılıqla qarşılanaraq apellyasiya qaydasında şikayət verildi.

Gəncə Apellyasiya Məhkəməsi şikayətləri təmin edərək şərti cəzanı ləğv edib. Turab Yunisov barəsində həbs qətimkan tədbiri seçib. Onun 4 il real həbs cəzasını çəkməsinə qərar verib.

Yunisov məhkəmə zalında dərhal həbs olunub.