BAKI, 6 dekabr. TELEQRAF
Naxçıvanda Azərbaycan sərhədini qanunsuz keçən Suriya vətəndaşı Saloum A. barəsində hökm elan edilib.
Teleqraf xəbər verir ki, 1974-cü il təvəllüdlü Saloum 8 oktyabr 2025-ci ildə saat 15 radələrində Culfa dövlət sərhədində yük maşınlarının hərəkət zolağından istifadə edərək İran istiqamətindən Azərbaycan ərazisinə keçməyə cəhd göstərib. O, sərhəd nəzarətindən yayınaraq sənədlərini təqdim etmədən piyada şəkildə keçidi həyata keçirib.
Şəxs sərhədçilər tərəfindən 16:05-də aşkar edilərək saxlanılıb.
Məhkəmədə ifadə verən Suriya vətəndaşı bildirib ki, ölkəsindəki münaqişələr və ağır iqtisadi vəziyyət səbəbindən əvvəlcə İraqa, daha sonra isə qanunsuz olaraq İrana keçib. Azərbaycana işləmək və yaşamaq məqsədilə gəlmək istədiyini, lakin sənədləri olmadığı üçün sərhədi qanunsuz keçdiyini deyib.
Məhkəmənin hökmü ilə Saloum Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə görə 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli müəssisədə çəkəcək.
Hökmə əsasən, əsas cəza bitdikdən sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılacaq.