BAKI, 5 dekabr. TELEQERAF
Bakının Yasamal rayonunda Azər İbrahimovu qətlə yetirməkdə təqsirləndirilən və əvvəllər məhkum olunmuş Təbriz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sənan Həsənov videokonfrans vasitəsilə ifadə verib.
Məlum olub ki, hadisənin əsas şahidi olmuş Sənan Həsənov Almaniyaya gedib və hazırda orada yaşayır. O, istinataqa hadisənin şahidi olduğunu deyib: "Həmin yerdə dostlarımla birlikdə çayxanada idik. Bir nəfər bıçaqla digərini vurdu. Dava edən iki nəfər idi. Onların yanında üçüncü şəxs yox idi. Mən yaxın məsafədə dayanmışdım. Axşam saat 11 olardı. Qaranlıq idi deyə üzlərini görmədim.
Həmin ərazidə yaşamıram, hərdən bir ora gedib dostalarım ilə çay içirəm. Ona görə həmin ərazidə heç kimi tanımıram. Dava edənin birinin əlində bıçaq olduğu üçün onlara yaxınlaşaraq müdaxilə etmədim. Yerdə yaralı olan şəxs "vurma" deyə yalvarırdı. Yaralı qalxaraq bir qədər yeridi, dayanmış maşına dəyərək yerə yıxıldı".
Təqsirləndirlilən Təbriz Həsənov Azər İbrahimovu bıçaqla vurduğunu etiraf edib. Bildirib ki, həmin vaxt onun əlində balta olmayıb.
Daha sonra cinayət işi materiallarında olan sənədlər elan edilib. Zərərçəkmiş şəxsin hüquqi varisi olan atası deyib ki, ekspertiza rəyində həm bıçaq, həm də balta izləri var. Bu hallar məhkəmədə araşdırılandan sonra istintaqın tamamlanacağı barədə qərar qəbul edilib.
Dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib. O, Təbriz Həsənovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən edilməsini təklif edib.
Zərərçəkmişin hüquqi varisi çıxışında şikayətçi olduğunu deyib. O, 20 il cəza ilə razı olmadığını, ömürlük cəzanın verilməsini istəyib: "Mən Təbriz Həsənova çox yaxşılıqlar etmişəm. Ona yemək vermişəm. O da bu cinayəti törədib, ona ağır cəza verilməsini istəyirəm".
Təqsirləndirlilən şəxsin vəkili isə müvəkkilinə yüngül cəza verilməsini xahiş edib. Son söz deyən təqsirləndirilən şəxs "göydə Allah, yerə də siz" deyə bildirim.
Daha sonra hökm elan olunub. Təbriz Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.
Qeyd edək ki, 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.
Təbriz Həsənov cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Müəyyən edilib ki, Azər İbrahimov oktyabrın 13-də yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı qolundan və kürəyindən balta xəsarətləri alıb.
Ağır yaralı halda tapılan Azər İbrahimov dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məlum olub ki, onların arasında dava pul üstündə baş verib. Onlar yaxın dost olublar.
İstintaq orqanı tərəfindən Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, təqsirləndirilən şəxs bundan əvvəl də Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə də məhkum edilib və Gəncə Ağır Cinayətlər Məhkəməsin hökmü ilə məhkum olunub.