BAKI, 5 dekabr. TELEQERAF

Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə İslam Yusifovu vəkil Cəlal Cəlallı, İlham Abbasovu isə vəkillər - Könül Əliyeva və Arzu Cavadov müdafiə edir.

Anket məlumatlarından bəlli olub ki, İlham Abbasov 6 uşaq atasıdır.

Prosesdə yalnız zərərçəkmiş Rauf Məmmədov iştirak etdiyi məlum olub. İlham Abbasov iddia edib ki, o, ittiham aktını hələ almayıb. Bunu nəzərə alan hakim hazırlıq iclasının təxirə salınacağını elan edib. Hakim bildirib ki, İslam Yusifovun həbs müddəti dekabrın 7-də bitir.

Qərara alınıb ki, hazırlıq iclası zamanında İslam Yusifovun həbs müddəti dəyişdirilmədən saxlanılsın.

Növbəti proses dekabrın 12-də davam edəcək.

Təqsirləndirlilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilirlər.

Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, İslam Yusifov 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir.

Onun zərərçəkmişə tenderdə qalib gəlməsi üçün vəd verdiyi, bu yolla aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyi deyilir.

İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.

Qeyd edək ki, İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.

Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.

O, bu günə kimi də zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmir.