BAKI, 5 dekabr. TELEQRAF

Ailə münaqişəsi zəminində dayısının arvadını qətlə yetirən, dayısını yaralayan və digər ailə üzvlərini öldürməyə cəhddə ittiham olunaraq 15 il azadlıqdan məhrum edilən Rəşad Hüseynov cəzasının yüngülləşdirilməsini istəyib.

Teleqraf xəbər verir ki, R.Hüseynov Gəncə Ağır Cinayətlər Məhkəməsini hökmündən apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Gəncə Apellyasiya Məhkəməsi R.Hüseynovun şikayətini əsassız hesab edib. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, R.Hüseynov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi qəddarlıqla qəsdən adam öldürmə), 29,120.2.4, 29,120.2.7 (köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə cəhd), 29,120.2.9 (şəxsi münasibətlər zəminində) və 28,120.2.7-ci maddələri ilə təqsirli bilinib.

Hadisə 2024-cü il noyabrında Gəncə şəhəri Sadıllı qəsəbəsində baş verib.

1982-ci il təvəllüdlü Rəşad Hüseynov arvadı ilə boşandıqdan sonra yaranmış ailə münaqişələrinə görə anası, qardaşı, qardaş arvadı, dayısı və dayısı arvadını günahlandıraraq onları qətlə yetirmək qərarına gəlib. R.Hüseynov arvadı ilə barışmaq istəyib, lakin ailə üzvlərinin bu məsələdə ona kömək etməməsinə görə qəzəblənib.

O, evində saxladığı turist bıçağı ilə silahlanaraq əvvəlcə qardaşı və anasının otağına daxil olub, lakin onların evdə olmadığını görərək dayısının evinə gedib.

Dayısının evində Hüseynov dayısı arvadı U. Hüseynovanı dayısının gözü qarşısında bıçaqla döş qəfəsindən vuraraq qətlə yetirib. Zədə sol ağciyəri zədələyib və ağır zərərə səbəb olub. Sonra dayısını qarın və döş nahiyəsindən iki dəfə bıçaqlayıb, lakin dayısı vaxtında tibbi yardım sayəsində sağ qalıb.

Cinayətdən sonra Hüseynov evinə qayıdaraq anasını və qardaşını telefonla çağırmağa cəhd edib, lakin onlar gəlməyib. O, iradəsindən asılı olmayan səbəblərə görə (ailə üzvlərinin gəlməməsi) digər qətlləri həyata keçirə bilməyib. Hüseynov həbs olunub və istintaq təcridxanasında saxlanılıb.

Məhkəmə istintaqı zamanı Hüseynov özünü tam təqsirli bilməyib və bildirib ki, cinayət qəsdən deyil, əsəbi vəziyyətdə baş verib. O, ailəsinin ona təzyiq göstərdiyini, barışdırmağa kömək etmədiyini iddia edib. Lakin məhkəmə onun ifadəsini etibarsız hesab edib və zərərçəkmişlərin ifadələri, ekspert rəyləri, protokollar və digər sübutlarla təqsirini sübuta yetirib.

Zərərçəkmiş dayısı ifadəsində bildirib ki, Hüseynov atası tərəfindən xəbərdarlıqdan sonra gəlib, arvadını saçından tutaraq bıçaqla vurub. O, arvadının öldüyünü xəstəxanada öyrənib. Digər zərərçəkmişlər də münaqişələrin olduğunu təsdiqləyiblər.