BAKI, 4 dekabr. TELEQRAF

Bakıda yaşlı qadına qarşı dələduzluqda ittiham olunan 39 yaşlı Vüsal Nəzərova (soyad şərtidir) hökm oxunub.

Teleqraf.com xəbər verir ki, Vüsal Nəzərov özünü qazi kimi təqdim edərək, II qrup əlil Mənzər Həsənovadan dayandırılmış pensiyasını bərpa etdirmək adı ilə ondan ümumilikdə 1600 manat alıb.

İbtidai istintaq zamanı Vüsal Nəzərov qadını tanımadığını, psixiatriya xəstəxanasında müalicə olunduğu dövrdə müxtəlif şəxslərdən pul aldığını, zərərçəkmişi də həmin insanlardan biri kimi xatırladığını deyib. Məhkəmədə o, törətdiyi əməli etiraf edib, peşman olduğunu və dəymiş zərəri tam ödədiyini bildirib.

Zərərçəkmiş Mənzər Həsənova isə ifadəsində bacısının qızı vasitəsilə Vüsalla tanış olduğunu, onun özünü qazi kimi təqdim etdiyini və pensiya işini “həll etmək” üçün ümumilikdə 3000 manat tələb etdiyini qeyd edib. Qadın müxtəlif vaxtlarda Vüsala 1000, 400 və 200 manat olmaqla cəmi 1600 manat verdiyini, lakin vəd edilən işin icra olunmadığını deyib. Bundan sonra o, polisə müraciət edib. Zərərçəkmiş şəxs Vüsalı bağışladığını bildirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Vüsal Nəzərov Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.