BAKI, 1 dekabr. TELEQERAF

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin icraçıları - Mehdi Məmmədli, Elnur Əliyev və Bəxtiyar Fərzəliyevin məhkəməsi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə iki şahidin dindirilmədiyi məlum olub. Tərəflər onların istintaq zamanı verdiyi ifadələrin elan olunmasını, məhkəməyə çaırılamamasını istəyiblər.

Məhkəməyə gəlməyən şahidlər - Həqiqət Əliyeva və Fatimə Əliyevanın ifadələrini elan edilib.

Təqsirləndirilən Elnur Əliyev ifadəsində bildirib ki, nə təqsirləndirilən Əzizə Seyidovanı, nə də qətlə yetirilən Əli Seyidlini tanıyıb: "Məni ora Mehdi apardı. Mən maşında gözlədim. Sonra Mehdi əli qanlı gəldi. Onun ardınca Əli Seyidli gəldi. Əli söyüş söydü, həmin söyüşləri burada təkrarlamaq istəmirəm. Bundan əsəbləşdim, ayağından bıçaqla vurdum. Mənim heç kimi öldürmək fikirim olmayıb. Peşmanam, çünki ora getməsəydim, söyüş söyməzdi, onu vurmazdım. Mən bu işi sifarişlə törətməmişəm.

Ora Mehdinin sözləri ilə ora getdim. Dedi ki, mənə bir nəfər var-yox söyüşü edib, mən də onu vurmuşam. Dedi ki, gedək, söhbət edək. Bəxtiyarla birlikdə dayanmışdı. Nə Mehdinin, nə də Bəxtiyarın əlində əşya, yaxud bıçaq görmüşəm".

Təqsləndirilən şəxs deyib ki, həbs olunanda qətlin sifarişlə törətməsini soruşublar: "Mən də heç kimdən pul almadığımı dedim. Bəxtiyarla heç bir sövdələşməm olmayıb. Biz iş yoldaşı olmuşuq. Həmişə çörək yeməyə üçümüz birlikdə - Bəxtiyar və Mehdi ilə birlikdə gedərdik.

Həmin gün də "Gəncəlik"yə yeməyə getməyi fikirləşirdim. Yolda Mehdi maşını "Koroğlu" metrosu tərəfə sürdü. Soruşdum ki, hara gedirik, məsələni dedi. Bildirdi ki, bir nəfər ona söyüş söyüşüb, məsələni aydınlaşdırmağa gedirik. Dedi, siz kənarda dayanın, mən də məsələni aydınlaşdırım. Bu işdə pul söhbəti olmayıb".

Digər təqsirləndirilən Əzizə Seydiova deyib ki, bu işdən xəbəri olmayıb və günahsızdır.

Mehdi Məmmədli vəsatətlə çıxış edib, işdə üzləşmə protokolunda imzaları olan vəkillərin orada iştirak edib-etməsi ilə bağlı anten məlumatların əldə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra sənədlərin tədqiqinə başlanıb. Mehdi Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində Əzizə Seydiovanın əri tərəfindən işgəncə gördüyünü və pul müqabilində Bəxtiyarla birlikdə öldürməyi sifariş verdiyini deyib.

Mehdi Məmmədli ifadəsində etiraf edib ki, Əzizə Seyifovanın əri öldürüləndən sonra onun əmlakları qalacaq, Əzizə evi sataraq onlara pul çatdıracaqdı. Mehdi məsələni Elnur və Bəxtiyara deyib, onlar da pul müqabilində bu işi görməyə razılıq veriblər.

Mehdi Məmmədli həmin ifadəsini təsdiqləyib. Deyib ki, ifadəyə hədə-qorxu yolu ilə imza atıb.

Əzizə Seyidova məhkəmədə bildirib ki, ərini öldürmək fikri olmayıb: "Mehdi xalamın əridir, onunla görüşmüşəm. Məndən niyə bikef olduğumu soruşdu. Mən də hər ailədə söz-söhbət olduğunu dedim. Amma ərimin qətlini sifariş verməmişəm. Niyə övladlarımın atasının öldürtdürüm ki? Evdə siçan dərmanı gizlətməmişəm, belə bir hərəkət etmək niyyətim olmayıb. Evdə çox adam olub, bilmirəm, evdə tapılan dərmanı ora kim qoyub..."

Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədli, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə "siçan dərmanı" qatıb zəhərləmək istəyib. Sonradan fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər.

2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib.

Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.

Mehdi Məmmədlinin ifadəsində məlum olub ki, o, əvvəllər Rusiyada cinayət törətdiyinə görə iki dəfə məhkum edilib. Əzizə Seyidovanı keçmiş həyat yoldaşı vasitəsilə tanıdığını, ərinin ona zülm verdiyini eşitdiyini deyib.