BAKI, 25 noyabr. TELEQRAF

Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.

Aktrisanın qızı Leyla Şabanova məlumatı Teleqraf-a təsdiqləyib.

"Bazar günü təcili yardımla onu xəstəxanaya apardıq. Beyninə qan sızmışdı. Neçə gündür xəstəxanada reanimasiya şöbəsində idi. Bu gün saat 16:00 radələrində vəfat etdi", - L.Şabanova bildirib.

Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. 1958–1962-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Daha sonra rejissorluq fakültəsini də bitirib.

Elmira Şabanovun sənət yolu maraqlı məqamlarla yadda qalıb. O, institutun birinci kursunda rejissor Rüfət Şabanovla ailə qurub. Həyat yoldaşının filmlərdə çəkilməsinə qoyduğu qadağa səbəbindən aktrisa bir müddət kinodan uzaq qalıb. İki filmdə rol aldıqdan sonra 1977-ci ilədək ekranlarda görünməyib.

Həmin il “Bədbəxtliyin astanasında” qısametrajlı filmi ilə kinoya qayıdan aktrisa sonrakı illərdə bir sıra yaddaqalan obrazlar yaradıb. Ümumilikdə, “Azərbaycanfilm” kinostudiyasında 30-a yaxın bədii filmdə çəkilib.

Onun yaradıcılığında Anarın ssenarisi əsasında ekranlaşdırılan “Qəm pəncərəsi” filmindəki Həmidə xanım obrazı xüsusi yer tutur. Aktrisa kino ilə yanaşı, radio və televiziyada da müxtəlif obrazlarla tamaşaçıların rəğbətini qazanıb.

Elmira Şabanova 1962–1997-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olub, müəllim və dosent kimi çalışıb. O, rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır.

Sənətkar 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.