BAKI, 4 avqust. TELEQRAF

Ankarada “Azərbaycan dili və əlifbası: keçmişdən gələcəyə” adlı tədbir keçirilib.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbir Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə təşkil edilib.

Azərbaycan Respublikasının Türkiyədə səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankarada Qazi Universitetində Azərbaycan Dilinin Tədrisi Ocağında təşkil etdiyi tədbir Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan dilinin əhəmiyyəti və ana dilinin qorunması ilə bağlı fikirlərinin yer aldığı videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov, Ankara Hacı Bayram Vəli Universitetinin dosenti İlahə Qurbanlı, Ankara Universitetinin dosenti Mehmet Rza Heyət və Azərbaycan Milli Elmlər Akademiyasının dosenti Tahminə Bədəlova çıxış ediblər.

Natiqlər Azərbaycan dilinin tarixi, mədəni və elmi aspektlərdən müxtəlif istiqamətlərdə təhlil edib, Türk dil ailəsinin aparıcı dili olan Azərbaycan dilinin formalaşması və inkişaf prosesindən bəhs ediblər. Həmçinin “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası çərçivəsində Azərbaycan dilinin xaricdə tədrisinə yönəlmiş mədəniyyət siyasətindən bəhs ediblər.

Proqramın akademik sessiyasında onlayn formatda iştirak edən Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov Azərbaycan əlifbasının tarixi inkişaf mərhələlərindən və dil siyasətinin milli kimliyin formalaşmasındakı əhəmiyyətindən danışıb. Nizami Cəfərov, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətindəki xidmətləri, eləcə də latın əlifbasına keçid prosesi ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra çıxış edən Bürokratlar və Diplomatlar Birliyi Dərnəyinin sədri Yunus Şahin “Azərbaycan türkcəsi: ortaq kök, güclü miras” mövzusunda məruzəsində Türkiyə ilə Azərbaycan arasında ortaq dil və mədəni irsin iki ölkə arasındakı münasibətlərə verdiyi töhfələrə diqqət çəkib. Ortaq sözlər üzərindən iki xalq arasında mövcud olan güclü bağlardan bəhs edən Yunus Şahin qardaşlığın daha da möhkəmləndirilməsi üçün ortaq dəyərlərin dil vasitəsilə öyrənilməsinin və yaşadılmasının vacibliyini vurğulayıb.

Proqramda Azərbaycan türkcəsi kurslarının məzunu, ədəbiyyatçı Neslihan Yaşar “Mənim Azərbaycan sevgim” mövzusunda çıxış edərək Azərbaycan türkcəsini öyrənmə prosesinin onda yaratdığı mədəni şüuru və iki qardaş ölkə arasında formalaşan könül bağlarını səmimi ifadələrlə bölüşüb. Çıxışının sonunda isə bir gün əvvəl vəfat edən Azərbaycanın Xalq şairi Nəriman Həsənzadənin “Yaşa dünyada” adlı şeirini səsləndirərək iştirakçılara duyğulu anlar yaşadıb.

İştirakçıların sualları və aparılan müzakirələrlə davam edən proqram çərçivəsində Azərbaycan türkcəsinin qorunmasının, inkişaf etdirilməsinin və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb. Ortaq dil və mədəni irsin Türk dünyasının birlik və həmrəyliyini gücləndirən ən mühüm dəyərlərdən biri olduğu qeyd edilib.