BAKI, 1 iyul. TELEQRAF

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Qurban Pirimov Teleqraf İnformasiya Agetliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Qurban müəllim, 2025-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsini icra edirsiniz. Bu müddət ərzində kinostudiyanın fəaliyyətini və həyata keçirilən layihələri necə dəyərləndirirsiniz?

- Hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası yeni fəaliyyət və idarəçilik modelinə keçir. Bilirsiniz ki, ölkəmizdə iqtisadiyyatın inkişafı üçün sənaye parkı modeli geniş tətbiq olunur. Sənaye parkında qeydiyyatdan keçən rezidentlər hazır infrastruktur və şəraitlə, o cümlədən müəyyən güzəştlərlə təmin olunurlar. Yaradıcı sənaye də iqtisadiyyatın bir qoludur. Ona görə, "Azərbaycanfilm" kinostudiyasına da sənaye parkı modelini gətirmək üçün "Kinopark" layihəsinin həyata keçirilməsi istiqamətində işlər görülür.

Bu proses bir neçə mərhələlərdən ibarətdir. Lakin yenilənmə ilə bərabər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının mədəniyyətimiz üçün daşıdğı mənəvi əhəmiyyəti də unutmaq olmaz. Onun kino tariximizdəki yeri və rolu hamımız üçün dəyərlidir. Burada uzun müddətdir kino sahəsində fəliayyət göstərən, həyatlarını bu sahəyə həsr etmiş insanlar çalışırlar. Biz onların Kinopark layihəsi ilə bağlı fikirlərini nəzərə alıb, buranın daimi sakinləri kimi qayğılarına qalırıq.

Bununla yanaşı, kino sənayesinin inkişafı naminə daxili və xarici tərəfdaşlarımızla əməkdaşlıq genişlənməlidir. Düşünürük ki, bu halda ərsəyə gətirilən işlərin keyfiyyəti, eyni zamanda, sahədə fəaliyyət göstərən mütəxəssislərin peşəkarlığı artacaq. Hollivud kimi böyük tarixə və geniş təcrübəyə malik iri beynəlxalq film studiyaları kino sənayesi parkı prinsipi ilə işləyirlər. Yəni orada bütün sahəvi işləri görən şirkətlər bir klasterdə toplaşıblar və bu, istehsalat prosesini asanlaşdırmaqla, xərclərə qənaət etməyə imkan verir.

Məsələn, istehsalçı filmə zəruri aktyor heyəti toplamaq üçün bir şirkətə, rekvizit (geyim/əlbisə və s.) lazımdırsa digərinə, kaskadyorların xidmətinə ehtiyac varsa bir başqasına və bu qəbildən olan digər məsələlərin həlli üçün kinoparkda olan bir çox müxtəlif sahəvi xidmət göstərən rezidentlərə müraciət edə bilər.

Beləliklə, həmin modelə əsaslanıb, qeydiyyatdan keçən aidiyyəti şirkətlərin sayını və göstərdikləri xidmətlərin çeşidini çoxaltdıqca, "Azərbaycanfilm" kinostudiyası ölkədəki film istehsalçıları üçün cəlbedicilyini artıracaq. Hazırda kinostudiyada 11 aktiv rezident var. Bundan əlavə, 10 yaxın şirkətlə partnyorluq müqaviləsinin bağlanması istiqamətində işlər demək olar ki, yekünlaşdırılıb, bir neçə şirkətlə isə qarşılıqlı əməkdaşlığın qurulması üçün müvafiq danışıqlar aparılır.

- Bundan əvvəl Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) direktor müavini vəzifəsində çalışmısınız. Bu təcrübənin hazırkı fəaliyyətinizdə hansı müsbət rolu olub?

- Həmin vəzifədə fəaliyyətimi indi də davam etdirirəm. “Azərbaycanfilm” kinostudiyasının direktorunun səlahiyyətlərini icra etmək böyük məsuliyyət və şərəfdir. Çünki bu müəssisə onilliklər boyu Azərbaycan kinosunun məbədi olub, indi də elədir və gələcəkdə də bu, davam edəcək.

Təbii ki, bu müəssisəyə rəhbərlik etmək mənə Mədəniyyət naziri tərəfindən göstərilən etimaddır. Məlumat üçün qeyd edim ki, hazırda aparılan islahatlar dövlətə məxsus bütün kino müəssisələrinin fəaliyyətinə nəzarətin Mədəniyyət Nazirliyinin tabeliyində vahid bir mərkəzdə cəmlənməsini özündə ehtiva edir. Həmin funksiyanı Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş nizamnaməsi və Mədəniyyət nazirinin müvafiq əmri əsasında Azərbaycan Respublikasının Kino Agentliyi həyata keçirir.

Mən isə Agentliyin baş direktorun müavini olaraq bu və digər institusional islahatların “Azərbaycanfilm” kinostudiyasında reallaşdırılmasına xidmət edirəm.

Şübhəsiz ki, Agentlikdəki fəaliyyətim mənə Azərbaycan kinosunun spesifikasını yaxından başa düşməyə kömək edir. Bununla yanaşı, ölkəmizdə kino ictimaiyyəti ilə yaxından tanış olmaq üçün əvəzsiz fürsət yaradır. Çalışacağam ki, kino ictimaiyyətinin gözləntilərini həm ARKA-da direkor müavini olaraq, həm də Kinostudiyanın direktor vəzifəsini icra edən şəxs kimi doğruldum.

- Azərbaycan kinosunun inkişafında “Azərbaycanfilm” kinostudiyasının bugünkü rolunu necə xarakterizə edərdiniz?

- Bu gün ölkədə bir çox müstəqil kino şirkətləri fəaliyyət göstərir. Onlar öz işlərinin öhdəsindən uğurla gəlirlər, nəticədə maraqlı ekran əsərləri ərsəyə gətirilir. Bu istiqamətdə “Azərbaycanfilm” kinostudiyasının əsas missiyası ölkədə kino istehsalı prosesinə lazım olan bütün dəstəyi verməkdir.

Hazırda bu iş görülür və prosesi inkişaf etdirmək üçün “Azərbaycanfilm” bütün imkanlarından istifadə edir. Eyni zamanda, mövcud potensialı və çoxillik təcrübəni əsas götürərək, kinostudiyanın nəzdində uzun müddətli fasilədən sonra həm özünün, həm də birgə fəaliyyət nəticəsində bir neçə filmin istehsalı planlaşdırılır. Bunların arasında “Kinostudiya sakinləri” sənədli və “Daşlara həkk olunan tale: Memar Əcəmi” kimi bədii-sənədli filmlərini qeyd etmək olar.

- Gənc rejissor və ssenaristlərin “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlığı üçün hansı imkanlar yaradılıb?

- “Azərbaycanfilm”in zəngin maddi-texniki bazası və təcrübəli kadr potensialı var. Kino sənayesində çalışan gənc mütəxəssislər mütəmadi olaraq hər ikisinə də ehtiyac duyurlar. Biz hamı ilə əməkdaşlığa açığıq və bütün müraciətlərə həvəslə cavab veririk. Bu istiqamətdə Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.

Müvafiq sahədə təhsil alan bir çox tələbələrə kinostudiya tərəfindən zəruri dəstək göstərilir. Bunu da bizim gələcək rejissor, ssenarist, operator və başqa bu kimi kadrların yetişdirilməsinə və gənclərimizin kino sahəsinə marağının artmasına mühüm töhfə kimi qiymətləndirirəm.

- Müasir texnologiyaların kino istehsalına tətbiqi baxımından studiyada hansı yeniliklər həyata keçirilir? Bu istiqamətdə hansı planlarınız var?

- Müasir kino, necə deyərlər, bahalı incəsənət növüdür. Böyük ekranın zərrəbin effekti var, orada hər bir xırda çatışmazlıq dərhal gözə çarpır. Ona görə də istər-istəməz texnoloji tərəqqi ilə ayaqlaşmaq vacibdir. Uyğun olaraq bu sahədə istifadə olunan texniki vasitələr də ciddi sərmayə qoyuluşu tələb edir. Üstəlik, bu gün aktual olan yeni texnologiyaların növbəti illərdə, qısa müddət ərzində köhnəlməsi, aşınması prosesi də sürətlənib. Yəni bu gün iri həcmdə pul vəsaiti xərcləyib, əldə etdiyiniz texnika sabah öz aktuallığını itirir.

Buna baxmayaraq biz geri qalmamağa çalışırıq. Digər tərəfdən, bəzi texnoloji yeniliklərin kinoya gətirəcəyi “fayda” hələlik müxtəlif fikirləri əhatə edən müzakirələr mövzusudur. Məsələn, süni intellekt kimi ən son texnologiyaların kinoda məqbul formada tətbiqi ümumiyyətlə ayrıca təhlil edilməlidir.

- Azərbaycan filmlərinin beynəlxalq festivallarda iştirakı haqqında fikirləriniz necədir?

- Dünyada bir çox kino festivalları var. Onlardan bəziləri bizim üçün xüsusi maraq kəsb edir. Qeyd edim ki, ARKA-nin dəstəyi ilə çəkilən 10 film müxtəlif beynəlxalq kino festivallarında nümayiş etdirilib və uğur qazanıb. Onların arasında Venesiya film festivalı kimi nüfuzlu festival da var.

Ölkənin kinematoqrafının dünyaya açılması, dünya kinosundakı trendləri başa düşməsi baxımından festivallarda iştirak vacibdir. Biz dünyanın kino xəritəsində Azərbaycanı və ölkənin bir əsrdən çox tarixə malik zəngin kino mədəniyyətini göstərməliyik.

Bununla birlikdə, festivallar kino xadimlərimizin tanınmasına böyük fayda verir. Bu kimi platformalarda vacib tanışlıqlar baş tutur və nəticədə yeni ortaq kino layihələrini ərsəyə gətirən faydalı əməkdaşlıqlar qurulur. Bizim də məqsədimiz yeni, keyfiyyətli filmlərin istehsalını təşviq etməkdir.

- Bəs kino sənayesində dövlət dəstəyinin rolunu necə qiymətləndirirsiniz?

- Kino sənayesinə dövlət dəstəyi olmalıdır. Ölkəmizin rəhbərliyi tərəfindən kino sənətinə və bu sahədə çalışan şəxslərə olan qayğını daima hiss edirik. Kino böyük ideoloji və tərbiyələndirici təsirə sahibdir. Bunun əhəmiyyəti nəzərə alınaraq, milli kinonun inkişafı ilə bağlı məsələlər "Azərbaycan Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasında da əksini tapıb. Konsepsiyada kinoya sadəcə incəsənət növü kimi deyil, iqtisadiyyata töhfə verən və beynəlxalq aləmdə ölkənin mədəni imicini formalaşdıran strateji sənaye kimi yanaşılır.

Sənəd kino sənayesində dövlət sifarişi sisteminin, dəyər zəncirinin, o cümlədən kütləvi nümayiş, yayım və dublyaj ekosisteminin müasir tələblərə uyğun yenidən qurulmasını ehtiva edir. Dövlət dəstəyi ilə yanaşı, kino sektorunda investisiya cəlbediciliyinin yüksəldilməsi və dövlət-özəl tərəfdaşlığının qurulması da nəzərdə tutulur.

İstənilən ölkənin milli-mədəni dəyərlərinin və intellektual səviyyəsinin əsas göstəricilərindən biri onun kino sənətidir. Bu səbəbdən, kino müəyyən mənada ölkənin simasıdır. Bu qədər dəyər kəsb edən incəsənət növünə dövlət qayğı göstərməyə bilməz. Ona görə də dünyanın əksər ölkələrində dövlətin kino sənayesinə dəstək verməsi üçün müəyyən mexanizmlər mövcuddur.

Hazırda ölkəmizdə dövlət idarəçilik sistemində aparılan islahatlar çərçivəsində Kino Agentlliyinin idarəetmə modelində də dəyişikliklər edilib. Bu, bir daha subut edir ki, mədəni-yaradıcı sənaye, xüsusi olaraq kino sahəsində gedən proseslər daim ölkə rəhbərliyinin diqqətindədir.

İndiyə qədər Mədəniyyət Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərən ARKA 25 iyun 2026-cı il tarixli Prezident Fərmanı ilə bundan sonra Kino Agentliyi adı ilə büdcə təşkilatı kimi yenidən təşkil olunur. Bu, Kino Agentliyinin maliyyə dayanıqlılığının möhkəmləndirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.

Bizə gəlincə, 2023-cü ildən başlayan qısa fəaliyyəti dövründə Kino Agentliyi tərəfindən 100-ə yaxın layihənin, o cümlədən, 20-yə qədər tammetrajlı bədii filmin istehsalına dəstək göstərilib və onların bir çoxu ölkə ictimaiyyətinə təqdim olunub. Bu layihələrin bir çoxuna C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası da bir dövlət qurumu olaraq dəstəyini göstərib.

Cari dövrdə və 2027-ci ildə də bu işləri davam etdirmək planlarımız var. Kinostudiya tərəfindən istehsalına dəstək göstərilən ekran işlərinin arasında “Akinak” uşaq və yaxın gələcəkdə geniş ictimaiyyətə təqdim olunacaq “Molla Nəsrəddin: Çətin günlərimin dostu” bədii filmlərini göstərmək olar.

- Azərbaycan filmlərinin qorunması və bərpası istiqamətində hansı işlər görülür?

- Azərbaycan Respublikasının Dövlət Film Fondu (ARDFF) kino irsimizin qorunmasında və tədqiqində əvəzsiz rol oynayır. Fondda minlərlə Azərbaycan və dünya kino əsərlərinin orijinalları və nüsxələri saxlanılır. Filmlərdən başqa, fondun arxivində sənədlər və digər materiallar, həmçinin on mindən çox fotoşəkil qorunur. Bu materialların “e-culture” layihəsi çərçivəsində Vahid Mədəni Reyestrdə qeydiyyata alınması prosesi həyata keçirilir. Ayrıca qeyd edim ki, bu irsin böyük qismi müasir tələblərə uyğun şəkildə rəqəmsal formata keçirlib.

- Tamaşaçıların yeni filmlərə marağını artırmaq üçün hansı təşəbbüslər planlaşdırılır?

- Bu, təkcə ARKA-dan və ya C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından asılı məsələ deyil. Yerli prodüserlər istehsal etdikləri filmin gəlir gətirməsində maraqlı olmalıdırlar. Bunun üçün azərbaycanlı tamaşaçını yaxından tanımaq, onun zövqünə və mədəni tələbatına bələd olmaq lazımdır.

Eyni zamanda, milli kino həmin zövqü formalaşdırmaq istiqamətində çalışmalıdır. Filmlər çəkilməli, əgər baxılmırsa, səbəbi araşdırılmalı, buraxılan səhvlərə növbəti layihələrdə yol verilməməlidir. Bu işlərin görülməsində tənqidçilərin və kino sahəsində fəaliyyət göstərən QHT-lərin rolu da olduqca əhəmiyyətlidir. Kino istehsalı davam etməlidir və ARKA-nın ildə ən azı 10 tammetrajlı filmin istehsalına nail olmaq siyasəti həm də buna görə əhəmiyyətlidir.

Piar və kommunikasiya işi düzgün qurulmalıdır ki, tamaşaçılar yerli filmləri tanısın, onlara baxsın, daha sonra rəyini ifadə etsin. Bütün bu prosesin əsasında kinonu istehsal edən şərti "konveyer"in fasiləsiz işləməsi dayanır. Bunun üçün də Mədəniyyət Nazirliyi və ARKA tərəfindən daim işlər aparılır.

- Yaxın illərdə “Azərbaycanfilm” kinostudiyasının həyata keçirməyi planlaşdırdığı əsas layihələr və prioritet istiqamətlər hansılardır?

- Hazırda ən vacib işimiz “Kinopark” (kino sənaye parkı) layhəsinin icra edilməsi ilə yanaşı “Azərbaycanfilm” kinostudiyası ərazisində təmir və abadlaşdırmanın həyata keçirilməsidir.

- “Azərbaycanfilm” kinostudiyasının təmiri haqqında məlumat verməyinizi istərdik.

- Bildiyiniz kimi, C.Cabbarlı “Azərbaycanfilm” Kinostudiyası uzun illər baxımsız vəziyyətdə qaldığı üçün ərazidəki binaların, qurğuların və ümumiyyətlə bütün infrastrukturun əsaslı təmir-bərpasına, habelə yenilənməsinə ehtiyac var. Bu, öz növbəsində böyük həcmdə investisiya tələb edir. Hazırda bu istiqamətdə işlər davam edir, layihələndirmə ilə bağlı müvafiq qaydada əsaslı araşdırmalar və potensial tərəfdaşlarla işgüzar danışıqlar aparılır.

- Siz həm də Azərbaycanın ilk Xalq artistlərindən olan məşhur tarzən Qurban Pirimovun nəvəsisiniz. Bu haqda da danışmağınızı istərdik.

- Azərbaycanın ilk xalq artisti olan ulu babam Qurban Pirimov mədəniyyət tariximizə adını qızıl hərflərlə yazmış böyük incəsənət xadimidir. Təbii ki, öz həyatımda və işgüzar fəaliyyətimdə belə bir şəxsiyyətin nəticəsi olmaq məndə böyük qürur, eyni zamanda məsuliyyət hissi yaradır.

Mən bunu əsla unutmuram və hər zaman daşıdığım soyada layiq olmağa çalışıram.

FOTO: Elnur Muxtar