BAKI, 17 yanvar. TELEQRAF

Tanınmış aktyor Hikmət Rəhimov baş rolda oynadığı və rejissoru olduğu "Səkkiz" çoxseriyalı filminin yayımının kinoteatrlarda dayandırılmasına və sosial şəbəkələrdə tənqid edilməsinə münasibət bildirib.

Hikmət Rəhimov Teleqraf-a açıqlamasında deyib ki, filmin tamaşaçılar tərəfindən tənqid edilməsi normal haldır.

Aktyor “Səkkiz” serialının ARB televiziyasında və Park Cinema kinoteatrında yayımının dayandırılması məsələsinə isə münasibət bildirmək istəmədiyini vurğulayıb:

“Mən filmin ARB televiziyasında və Park Cinema kinoteatrında yayımının dayandırılması haqqında heç nə deyə bilmərəm. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm. Filmin tamaşaçılar tərəfindən tənqid edilməsini isə normal qarşılayıram”.

Qeyd edək ki, "Səkkiz" çoxseriyalı filmi 12 bölümdən ibarətdir. Baş rollarda Hikmət Rəhimov, Rasim Cəfər, Yeganə Hüseynli, Elşən Rüstəmov, Loğman Kərimov, Sənan Əlləz, Zülfiyyə Qurbanova kimi aktyorlar çəkilib. Filmdə qətl hadisələri olduğuna görə yaş həddi 18+ göstərilib. Serialda qəhrəmanın intiqam və qaranlıq tərəfləri ön plana çıxarılıb.

***

O, sosial şəbəkədəki hesabında qeyd edib: "Serialın yayımını həm yutub, həm televiziyada dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm, həm bizə, həm tamaşaçıların istəyinə hörmətlə yanaşıb, üzümüzə gələn həftə serialın yayımının bərpasına qərar verərlər. Şəxsən bunu səbirsizliklə gözləyirəm".