BAKI, 1 avqust. TELEQRAF
"Bu gün səhər saatlarında aldığımız xəbər hamımızı kədərləndirdi".
Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Adil Kərimli Xalq artisti Arif Babayev haqqında danışarkən deyib.
Nazir Xalq artistinə göstərilən qayğı və diqqətdən də söz açıb: "Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyevanın nəzarəti ilə Arif Babayev müalicə olunurdu. Tale elə gətirdi ki, bu gün bizimlə vidalaşdı. Uzun müddət müalicə alan, həyatını sənətə və mədəniyyətə həsr etmiş, fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, dünya azərbaycanlılarının da sevgisini qazanan nadir sənətkarlardan biri dünyasını dəyişdi".
Adil Kərimli bildirib ki, itki ilə bağlı Azərbaycan Prezident nekroloq imzalayıb: "Xarici ölkələrdən də başsağlığı mesajları alırıq. Bu isə onu göstərir ki, mərhum sənətkar yalnız Azərbaycanın deyil, bütün dünyanın muğam sevərlərinin qəlbində yaşayır və yaşayacaq.
Hörmətli sənətkarımızın Azərbaycan mədəniyyətindəki yeri əvəzolunmazdır. Onun xatirəsi hər zaman əziz tutulacaq".