BAKI, 19 may. TELEQRAF

Türkiyədəki 8-ci Merzifon Kitab Sərgisində Azərbaycan şairləri Nizami Gəncəvi və Bəxtiyar Vahabzadənin Türk dilində yeni nəşrlərinin təqdimatı keçirilib.

Teleqraf xəbər verir ki, 8-ci Merzifon Kitab Sərgisində Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görmüş dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “İskəndərnamə” və XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərlərinin Türkiyə türkçəsinə çevrilmiş və nəfis şəkildə nəşr edilmiş kitabların təqdimatı keçirilib. Tədbirdə sərgi ziyarətçiləri, ədəbiyyatsevərlər, məktəblilər iştirak ediblər.

Toplantının moderatoru AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova Azərbaycan ədəbiyyatında hər iki şairin yaradıcılığı, zəngin irsi, əsərlərinin başlıca ideyaları – Azərbaycan, Türk dünyası ədəbiyyatının zirvəsi kimi təqdiqiq və təbliği, poeziyamızda sələf-xələf münasibətlərinin ardıcıllığı barədə çıxış edib.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi və Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında danışıb, Azərbaycan dövlətinin bu cür şəxsiyyətlərin irsinin tanıdılması və təbliği istiqamətində mühüm layihələr həyata keçirdiyini, dahi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyev tərəfindən 2021-ci il “Nizami Gəncəvi ili” elan edildiyini, 2025-ci ildə isə Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamlar imzalandığını söyləyib.

O, bəşər mədəniyyətinə misilsiz töhfələr bəxş etmiş Azərbaycan mədəniyyəti və ədəbiyyatı, onun Türkiyədə tədqiqi, təbliği və tədrisi istiqamətində görülən işlər barədə danışaraq, gerçəkləşdirilən layihələr, dahi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin, habelə Nizami Gəncəvi haqqında elmi və bədii nəşrlərin Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə mərhələli şəkildə Türkiyə türkcəsinə tərcümə edilərək qardaş ölkə oxucularına təqdim edildiyini vurğulayıb.

Çıxışçılar Azərbaycan Mədəniyət Mərkəzinin Türk Mədəniyyəti İrsi Fondu ilə birgə həyata keçirdiyi digər layihə – Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri haqqında danışıblar. Əsərin Türkiyə Türkcəsinə tərcümə edilərək nəşrinin əhəmiyyətli olduğunu, gələcəkdə onun Türkiyədə teatrlarında səhnələşdirilməsinə yol açacağını bildiriblər.

Azərbaycan Respublikası Kitabxana Kollektorunun direktoru, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı, şair, yazar Fərid Hüseyn Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərindən bəhs edib, əsərin Türkiyə türkçəsinə çevrilərək nəşrinin Türkiyəli oxucularının Bəxtiyar Vahabzadə əsərlərindən öyrənə biləcəyi məqamları diqqətə çatdırıb.